Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
1/4 finalda niderlandlı Aniş Qirini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə yenidən üz-üzə gələcək. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olub. Bu gün də eyni hesab qeydə alınsa, tay-brek oynanılacaq.
Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə qarşılaşacaq.
Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.