İtaliyanın "Yuventus" komandasının baş məşqçisi Andrea Pirlo istefaya göndərilib. Buna komandanın ötən mövsümdəki uğursuz çıxışı səbəb olub. 42 yaşlı mütəxəssisi Turin klubunun sabiq baş məşqçisi
Massimiliano Alleqri əvəzləyib. 2 ildən sonra sabiq komandasına qayıdan italiyalı mütəxəssisin müqavilə müddəti açıqlanmasa da, yerli mətbuat Alleqrinin "qoca sinyora" ilə 2025-ci ilin yayınadək sözləşmə imzaladığını yazıb.
Qeyd edək ki, Andrea Pirlo ötən ilin avqustunda “Yuventus”la 2 illik müqavilə imzalamışdı. "Qoca sinyora" onun rəhbərliyi altında A Seriyasını 4-cü pillədə başa vurub.
Massimiliano Alleqri isə daha əvvəl 2014 -2019-cu illərdə "Yuventus"a başçılıq edib. Mütəxəssis bu komanda ilə 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.
"Yuventus" Pirlonu göndərib, yerinə Alleqrini gətirdi
