Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları keçirilib.
Bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə ikinci dövrədə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Beləliklə, Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyib. Qeyd edək ki, birinci dövrənin oyunları heç-heçə ilə başa çatmışdı.
Turnirin qalibi adı uğrunda isə M.Karlsen ABŞ şahmatçısı Uesli So ilə qarşılaşıb. Şahmatçılar arasında keçirilən ikinci dövrənin oyunları da heç-heçə ilə başa çatdığı üçün rəqiblər tay-brekdə qarşılaşmanı davam etdiriblər. Gərgin keçən mübarizədə norveçli dünya çempionu Maqnus Karlsen Uesli So üzərində qələbə qazanaraq turnirin qalibi olub.
“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.
Qrossmeysterimiz üçüncü yer uğrunda görüşdə məğlub oldu