Əfsanəvi boksçu

Əfsanəvi boksçu
Sanni Liston (əsl adı Çarlz Liston) 1932-ci il mayın 8-də doğulub.
Ümumdünya Boksçular Şurası (ÜBŞ) onu özlərinin ilk çempionu adlandırıb.
Nailiyyətləri: peşəkar boksçular arasında ağır çəkidə dünya çempionu (1962-1964)
 
 
 
 
Sərtliyi ilə seçilən idmançı

Sanni Liston boks tarixində Mayk Tayson kimi "pis oğlan” adını qazanmış bir boksçu idi. Maraqlısı budur ki, onların taleyi və həyatlarının bəzi epizodları o qədər oxşardır ki, bəzən onları eyni adam hesab edirlər. Hər ikisi ilk dəfə boksla həbsxanada məşğul olublar. Hər ikisi əvəzedilməz boksçu idilər.
Liston 1949-1950 -ci illərdə həyatda sağ qalmaq üçün bəzi qanun pozuntuları, cinayətlər etməyə məcbur qalmışdı, lakin yaşı az olduğuna görə həbs edilmirdi. Törətdiyi cinayətlərin sayı artığı üçün hüquq, mühafizə orqanları onu üç illik azadlıqdan məhrum etdilər. Deyilənlərə görə, məhz bu illər ərzində həbsxanada buddist rahibin rəhbərliyi altında Liston ilk məşqlərini edib. Cəza evindən çıxar-çıxmaz Sanni həvəskar karyerasına başladı. Bir il keçəndən sonra Liston bir neçə döyüşdə iştirak edərək böyük qələbələr əldə etdi. Sanni tərəfindən məğlub edilənlərin sırasında Olimpiya çempionu Ed Sanders də var idi. Liston iri ölçüləri olan boksçu idi. Boks həvəskarları arasında "sizin fikrinizcə, Listonun boyu nə qədərdir”mövzusunda sorğu keçirilib. Sorğudan alınan cavab isə belə idi: Sannini boyu 2 metrdən hündürdür. Əslində isə Liston 185 sm boya malik idi. O, super ağır çəkili boksçu deyildi. Belə ki, karyerasının başlanğıcında çəkisi 92 kq-dan az olub. Onun kürəkləri enli, əlləri isə boyuna görə fenomenal uzunluğa malik idi. Listonun əlinin gücü Məhəmməd Əlinin, Lennoks Lyuisin, Kliçko qardaşlarının və Nikolay Valuyevin analoji göstəricilərini üstələyirdi. Hər dəfə döyüşəndən sonra sanki onu süni olaraq qıcıqlandırırdılar. O, sərt xasiyyətə və güclü yumruqlara malik olduğundan döyüşdə centlmenlik cərçivəsindən çıxırdı. Bəzən Liston öz zərbəsinin gücünü ram edə bilmədiyindən onun rəqibləri tez-tez nokauta düşürdülər. Əvvələr Sanni döyüşdə bir çox çətinliklərlə üzləşirdi. Belə ki, texniki cəhətdən pis hazırlığı olduğu üçün nisbətən təcrübəli rəqiblər onu seriya zərbələrindən yayındırıb, məsafə döyüşünə sövq edirdilər. Bu mövqedə isə Liston bir qədər zəif idi. Liston üç debüt görüşü keçirmiş ,yalnız bir dəfə qələbəni əldən vermişdi. Ancaq bu məğlubiyyətdən sonra o, döyüş tərzini dəyişdi və qələbəyə doğru yolu daha inamlı oldu.

 
Dəmir barmaqlıqlar onu bir
müddət rinqdən kənarda qoydu


Liston Floyd Pattersondan üç il əvvəl doğulmuş, karyerasına isə ondan bir il gec başlamışdı. O, Rokki Marsianodan sonra birinci çempion ola bilərdi, lakin qəliz və sərt xasiyyətinə görə bu imkanı əldən vermişdi. 1956-cı ildə o, ikinci dəfə Marti Marşal ilə revanş görüşü keçirdi və əldə olunan qələbənin sayəsində Liston reytinq cədvəlində yuxarı sıralarda qərarlaşdı. Ondan tələb olunurdu ki, reytinqdə birinci yerdə olan boksçular üzərində qələbə çalsın. Bu ərəfədə Floyd Patterson özünün 28-ci qələbəsini qazandı. Lakin Floydun bir məğlubiyyəti var idi. Həmin vaxt mütləq çempion titulu üzrə yarış keçirilməsi haqqında söhbətlər gəzirdi. May ayında Liston onu "zənci” adlandıran yol polisini döyərək silahını əlindən almışdı. Buna görə boksçunu 8 ay müddətinə həbs etdilər və o, yarışlarda iştirak edə bilmədi. Maraqlıdır ki, bu hadisə eynilə Taysonun da başına gəlmişdi. Belə ki, "dəmir Mayk”1991-ci ildə öz çılğın xasiyyətinin üzündən çempionluq uğrunda döyüşü qaçırmışdı. Sanni cəzasını çəkərkən, Floyd Patterson və 40 yaşlı Arçi Mur ağır çəkidə çempionluq titulu uğrunda mübarizə apardılar və Patterson çempion oldu. Sanninin yoxluğundan faydalanan Floyd çempionluq titulunu müdafiə etmək üçün debütantla görüş keçirdi və çətinliklə olsa da, titulunu qoruyub saxladı.

 
Nəhəng Sanni Məhəmməd Əlinin
hədəfinə çevrilmişdi

 

Boksda 2 illik fasilə etdikdən sonra Sanni Listonun adı reytinq cədvəlindən çıxarıldı. Bununla o, Floyda bir neçə illik şan- şöhrət hədiyyə etmiş oldu. 1958-ci ildə Liston 8 uğurlu görüş keçirdi. Bu uğurlu addımlarla o, növbəti il çempionluq əldə etmək üçün yarışa qatıldı. Lakin Listonla qarşılaşmağa cəsarət tapmayan Floyd onunla finalda üzləşməmək üçün İnqemar Yoxansona məğlub oldu. Sonra Floyd daha 3 nəfərə uduzdu, bu da Listonla qarşılaşmağın vaxtını 3 il uzatdı. Artıq hamıya məlum olurdu ki, Patterson çempionluq tituluna təsadüfən sahib olub. Liston həbs olunmasaydı, bu titul həqiqi sahibinə qismət olacaqdı. Listonla Floyd rinqdə təqribən eyni vaxtda (Floyd 1952-1972 illər, Sanni 1953-1970 illər) çıxış ediblər, lakin Pattersonun rəqiblərinin orta çəkisi Listonun rəqiblərinin çəkisindən 5 kq yüngül olub. Bunun izahı sadədir: Patterson güclü boksçularla qarşılaşmaqdan qaçır, çalışırdı ki, rəqibləri çəkicə yüngül, həm də təcrübəsiz olsunlar.

 

1956-1961-ci illər ərzində Floydun 90 kq-dan ağır çəkidə yalnız bir rəqibi olmuşdur ki, o da güclə məğlub etdiyi debütant idi. 1961-1967-ci illər ərzində isə onun bu çəkidə daha iki rəqibi oldu. Rəqiblərindən biri Floydu nokautla məğlub edə bildi. Liston isə bu vaxtlar növbəti dəfə pis davranışına görə həbs edilmişdi. Nəhayət, gözlənilən an gəlib çıxdı. 1965-ci il sentyabrın 25-də Pattersonun və Listonun yolları kəsişdi. "Büllur çənəli” Floyd "qranitdən düzəlmiş” Listondan çəkicə 10 kq yüngül idi. Balaca boylu dünya çempionu Floyd, çempionluğa namizəd olan nəhəng Sanninin fonunda cılız görünürdü. Pattersonun məşqçisi - gələcəkdə Mayk Taysonun məşqçisi olacaq Kass Damato, ona məsafə döyüşünə üstünlük verməyi məsləhət görmüşdü. Kənardan elə mənzərə alınırdı ki, sanki Patterson Listona yaxınlaşmaqdan qorxur. Liston isə bu döyüşdə yan zərbələrdən istifadə etməyə başladı. 2-ci dəqiqənin axırında Listonun ağır zərbələrinin biri rəqibini sarsıtdı. Nəhəng Sanniyə 126 saniyə kifayət etdi ki, dünya çempionunu dizi üstə qoysun. Nəhayət, arzulanan titul öz yiyəsini tapdı və Liston dünya çempionu oldu . O zamanlar iddiaçının statusundan asılı olmayaraq revanş matçlarının keçirilməsi zəruri idi (indi revanş matçları yalnız könüllü olaraq titulu müdafiə etmək üçün keçirilir). Ona görə də əbədi və əzəli rəqiblər bir il keçəndən sonra yenidən qarşılaşdılar. Bu görüş əvvəlkindən 4 saniyə artıq çəkdt və Liston qələbə qazanaraq öz titulunu müdafiə etdi. Liston hədəfi Pattersonun atdığı hər addımı izləyərkən, ozü başqa bir perspektivli boksçu - Məhəmməd Əlinin (Kassius Kley) hədəfinə çevrildi. Məhəmməd Əli o dövrdə yüksək səviyyəli boksçu deyildi. Hətta o, bir neçə döyüşdə az qala nokautla və ya xal hesabı ilə məğlub olacaqdı. Liston isə keçirdiyi bütün matçlarda favorit sayılırdı. Sanni heç vaxt bu cür rəqiblə qarşılaşmamış, hətta belə adamları saymırdı da. Buna görə Məhəmməd Əli özünü alçaldılmış hesab edir, kənardan isə ağıldan kəm kimi görünürdü. O, hər dəfə məşq düşərgəsinə gəlir, Sannini döyüşə çağırır, "səni öldürəcəyəm” deyə qışqırırdı. Liston rinqə bu "psixopat” rəqibi ilə hazırlıqsız ,hətta artıq çəki ilə çıxdı. Qeyd etmək lazımdır ki, Məhəmməd Əli Listondan xeyli cəld və yaxşı hərəkət edirdi. Bu döyüş buyaxınlarda keçirilən Piter-Kliçko qarşılaşmasını xatırladırdı. Oxşarlıq onda idi ki, biri ölçülərinə görə digərini üstələyərək rəqibinin üzərinə şığıyır, lakin rəqib cəld və qıvraq olduğundan zərbələr boşa çıxırdı. Altıncı raundda Liston döyüşü davam etdirməkdən imtina etdi, buna səbəb çiynindən aldığı zədə idi. Hesab isə hələlik açılmamışdı. Bu hadisədən sonra Listonu fırıldaqda və mafiya ilə əlbir olmaqda günahlandırdılar. Lakin Sanninin günahı sübut olunmadı. Listonun qəribə davranışı onun Məhəmməd Əli ilə ikinci görüşündə də təəcüb doğurdu. Listonun qollarının uzun olmasına baxmayaraq, zərbələri rəqibə çatmırdı. Epizodların birində Sanni bir qədər arxayınlaşdı və kanat boyu hərəkət edən Əli onun açıq qalmış çənəsinə zərbə endirməyə imkan tapdı. Sanni zərbənin təsirindən deyil, tarazlığını itirdiyinə görə yıxıldı, lakin ayağa qalxmağa da tələsmədi. Matçı hakim təcrübəsi olmayan keçmiş dünya çempionu Cersi Co Uolkott idarə edirdi. Həmin an o, nokdaunun vaxtını dəqiqləşdirmək üçün xronometrçinin yanına qaçdı. Yarım dəqiqədən sonra referi qayıtdı və boksçular döyüşə davam etdilər. Lakin Liston "quduzlaşmış” Əlinin zərbələrinə davam gətirə bilmirdi. Hakim yalnız özünə məlum olan məntiqlə Məhəmməd Əlini görüşün qalibi elan etdi.

 
 
Arxayınlıq nokautla
məğlubiyyətə səbəb olur

 

Liston 14 aylıq fasilədən sonra yenidən rinqə qayıdır. Bir neçə döyüş keçirir. Tezliklə onun bəxti də gətirir. Belə ki, Məhəmməd Əliyə çıxış etməyi qadağan edirlər. Güclü rəqibin bokusdan uzaqlaşdırılmasına baxmayaraq, Sanni daha 11 ay rinqə çıxmır. 1968-ci il ərzində isə, o, 7 döyüş keçirərək bütün rəqiblərini nokaut edir. Lakin çempion ambisiyalarını möhkəmləndirmək anını ötürür. Belə ki, 1968-ci ilin aprelində WBA üzrə yeni çempion xüdpəsənd Cimmi Ellis olur. Qeyd edək ki, Ellis həmin ilin sentyabrında Pettersonla qarşılaşmada onu məğlub edərək çempionluq titulunu qoruyub saxlayır. Listona növbə çatanda da isə yeni çempion uzun müddətli fasilə etməyə qərar verir. Fasilənin müddəti 17 aya kimi uzanır. 1969-cu ildə 37 yaşlı Liston artıq məşqlərini azaldır, bu da onun Leotis Martinə məğlub olmasına gətirib çıxarır. Bu qarşılaşmada Liston xal hesabı ilə irəlidə idi və öz rəqibini 4-cü raundda nokdauna saldı. Sonra Sanni bir qədər arxayınlaşdı və rəqibi bundan istifadə edərək sağdan zərbələr endirməyə başladı. Nəticədə, Liston nokautla məğlub oldu. Məlumat üçün deyək ki, Leotis Martin bu qarşılaşmadan sonra karyerasına son qoydu, buna səbəb bir gözünün tamamilə tutulması idi. Bu məğlubiyyətdən sonra Liston cəmi bir dəfə rinqə çıxdı. Liston boks tarixində bəlkə də ən bəxtsiz boksçu olub. O, ən az 10 il rinqdə liderlik edə bilərdi, lakin öz dözülməz xasiyyətinin nəticəsində cəmi il yarım çempion olmuş və yalnız bir dəfə bu titulunu müdafiə edə bilmişdi. 1971-ci ilə 1 gün qalmış, Sanni Liston öz mənzilində vəfat etdi. Rəsmi fərziyələrə görə, Liston yüksək dozada narkotik maddə qəbul etdiyinə görə dünyasını dəyişib. Lakin bu, həqiqətə uyğun deyil. Şəxsi həkimi Sanni Listonun adi dərman preparatlarını belə, qəbul etmədiyini dəfələrlə vurğulayıb. Əfsanəvi boksçunun məzar daşı üzərində "O, əsil şəxsiyyət idi” sözləri həkk olunub.

 
Əfsanəvi boksçu