Daha bir boksçumuz Fransada keçirilən yarışda rinqə çıxıb. Bu, 81 kq çəki dərəcəsində mübarizə aparan Alfonso Dominqesdir. Təmsilçimiz Tokio-2020-yə vəsiqə uğrunda ilk görüşündə Avropa Oyunlarının qalibi Stefan Hrekullə (Ukrayna) qarşılaşıb. Boksçumuz 1/8 final çərçivəsində 5:0 (29:28, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə qələbə qazanıb.
O, 1/4 finalda rusiyalı İmam Xatayevlə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. Bu çəki dərəcəsində ən güclü 6 boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Bu gün həmçinin qadın boksçumuz da rinqə çıxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Məhsəti Həmzəyeva Avropa Olimpiya Təsnifat Turnirində ilk görüşünü türkiyəli idmançıya qarşı keçirib. Təmsilçimiz 1/8 final çərçivəsində Aycan Güldağına məğlub olub.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 boksçumuz çıxışını davam etdirir. Onlardan Tayfur Əliyev (57 kq) Olimpiadaya vəsiqəyə sahib olub.