“Baku Sporting” uşaq futbol klubunun təşəbbüsü, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10 yaşadək futbolçular arasında “Bank VTB Azərbaycan” kuboku turnirinə start verilib. Bu gün “Ruslan 93” idman kompleksində turnirinin açılış mərasimi keçirilib. U-10 Liqasında mübarizə aparan 6 komandanın iştirak etdiyi turnir 3 gün davam edəcək. Tədbirdə ilk olaraq "Baku Sportinq"in rəsmisi, millimizin və "Qarabağ"ın sabiq oyunçusu Vüqar Nadirov çıxış edib.
O, çıxışı zamanı turnirin məqsədinin Azərbaycan futbolunun inkişafına xidmət etmək olduğunu bildirib. “İstəyirik ki, “Baku Sportinq” olaraq bütün yarışlarda çıxış edək. İstər AFFA bayrağı, istərsə də beynəlxalq turnirlərdə mübarizə aparmaq arzumuz var. İstəyimiz də odur ki, “Baku Sportinq” olaraq uşaq futbolunu inkişaf etdirək. Yeni mövsümdən Azərbaycan çempionatında 4 komandamız çıxış edəcək”.
Tədbirdə futbolumuzun veteranlarından Ağasəlim Mircavadov, Asim Xudiyev, Fərrux İsmayılov ürək sözlərini bildirib, gənc futbolçulara uğurlar arzulayıblar. Daha sonra tədbir bədii hissə ilə davam edib. Turnir “Baku Sportinq”in təşəbbüsü, Gənclər və İdman Nazirliyi və AFFA-nın dəstəyi ilə keçirilir.
10 yaşınadək futbolçular arasında turnir keçirilir
