Fransanın paytaxtı Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri keçirilir. Ötən il martın 14-də Londonda başlayan turnir koronavirus pandemiyası ilə əlaqədar üç gündən sonra dayandırılmışdı. Yarışda ölkəmizi kişilərdən ibarət millimizin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq) təmsil edirlər.
Qadınlardan ibarət yığmanın heyətində isə Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparırlar.
Turnirdə çıxış edən dünya çempionumuz Cavid Çələbiyev səkkizdəbir finalda irlandiyalı boksçu Corc Batesi məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Boksçumuz 1/4 finala yüksəlməklə həmçinin Tokio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Cavid Çələbiyevin (63 kq) ardınca isə Alfonso Dominqes (81 kq) də bu uğura imza atıb. Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak etmək hüququna sahib olub. O, dörddəbir finalda İmam Xatayevi (Rusiya) məğlub edib.
Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq.
Boks üzrə Azərbaycan milli komandasında Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı Lorenzo Sotomayor qazanıb. Rio-2016-nın gümüş medalçısı Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionov məğlub edib.
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) də Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünü uğurla keçirib. Ukrayna təmsilçisi Adam Kuliklə (Ukrayna) qarşılaşan M.Abdullayev səkkizdəbir final çərçivəsində baş tutan görüşdə 5:0 hesabı ilə qalib gəlib. O, dörddəbir finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gəlib. İdmançımız görüşdə qalib gələrək yarımfinala yüksəlib. Bununla da Məhəmməd Abdullayev Tokio-2020-də iştirak hüququna sahib olub.
Beləliklə, Tokio-2020-yə lisenziya qazanan boksçularımızın sayı beşə çatıb.