Maraqlı faktlar, nadir rekordlar - 2

Maraqlı faktlar, nadir rekordlar - 2

  (əvvəli)

Qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oyunları oynayıblar. Qədim Romada, orta əsrlərdə Fransada və İtaliyada bu oyunlara böyük maraq göstərilib. Şübhəsiz, həmin oyunlar müasir futbola oxşamır. 1863-cü ildə Londonda topla oyunu ayaqla, ya əllə oynamaq üstündə mübahisə düşüb. Nəticədə, ayaqla top oyunu oynamaq istəyənlər ittifaq yaradıblar. İttifaq oyunun qaydalarını da tərtib edib. Bu qaydalar zaman keçdikcə dəyişikliklərə məruz qalıb. Londonda 1863-cü ildə yaradılan futbol qaydaları cüzi dəyişikliklərlə dövrümüzə qədər gəlib çatıb. Dünyanın hər yerində sevilən futbol tarixində maraqlı faktlar, nadir rekordlar da qeydə alınıb. Oxucuları həmin faktlarla tanış edirik.

 

Futbolda hakim
ədalətsizliyi


Futbolun əsasını təşkil edən qaydalar hakimlər tərəfindən tənzimlənir. Bəzən isə hakimlər özləri bir sıra səhvlərə yol verirlər. Hakim səhvləri futbol tarixinin ən çox müzakirə edilən mövzularındandır. Bəzən hakimlərin səhvi oyunun taleyini həll edəcək qədər böyük olub. 1986-cı il iyunun 22-də Argentina -İngiltərə oyununa damğa vuran Dieqo Armando Maradona 51-ci dəqiqədə topa əli ilə müdaxilə edərək qapıdan keçirib. İngilis oyunçularının etirazlarına baxmayaraq tunisli hakim Əli Min Nasser qərarını dəyişməyib.
1995-ci il avqustun 23-də Türkiyənin "Beşiktaş" və Norveçin "Rosenborq" klubları arasında görüş keçirilib.Oyunun fransız hakiminin verdiyi səhv qərar "Beşiktaş"ın kubokla vidalaşmasına səbəb olub.
2010-cu il fevralın 17-də Almaniya və İtaliya komandaları arasındakı matçda hakim almanların oyundankənar vəziyyət yaratdıqlarını görməyib. Nəticədə, italiyalılar evlərinə xalsız dönüblər.
2009-cu il mayın 6-da "Çelsi" və "Barselona" komandaları arasında keçirilən oyun da hakim səhvi ilə yadda qalıb. Belə ki, hakim Tom Henninq Ovrebo "Çelsi"nin 3 real penaltisini qeydə almayıb və etiraz etdiyi üçün Droqbaya qırmızı vərəqə göstərib.
2010-cu il iyunun 20-də Braziliya- Kot d İvuar komandaları arasında keçirilən oyun Braziliya komandasının üstünlüyü ilə davam edərkən (1:0) Luis Fabiano 51-ci dəqiqədə topu əli ilə saxlayıb və qol vurub. Hakim Stefan Lannoy qayda pozuntusunu görməyib və qolu etibarlı sayıb.

2010-cu il iyunun 27-də Argentina və Meksika oyununun 26-cı dəqiqəsində Karlos Tevez tərəfindən oyundankənar vəziyyətdə vurulan qol hakim Roberto Rozetti tərəfindən qeydə alınıb.
2010-cu il iyunun 27-də Almaniya və İngiltərə arasındakı oyun Almaniyanın üstünlüyü ilə davam etdiyi zaman Frank Lempardın vurduğu qol vəziyyəti dəyişib. Futbolçunun cərimə meydançasından kənarda vurduğu top dirəyə dəyərək qapıya yönəlib, amma qapı xəttini keçməyib. Oyunun uruqvaylı hakimi Xorxe Larionda bu zərbəni qol kimi qeydə alıb - 2:1.




 

Rekordlar...


Futbol tarixində yadda qalan maraqlı hadisələrlə yanaşı, rekordlar da diqqəti cəlb edir. Çempionlar Liqasındakı ən sürətli qol David Trezeqeyə aiddir. "Monako"nun formasını geyinmiş futbolçu 157.33 km sürətlə "Mançester Yunayted"in qapısına qol vurub. Rəqib qapılarına 54 dəfə yol tapan Xose Luis Çilavert "ən çox qol vuran qapıçı" kimi tarixə düşüb.

Ən çox ayağı sınan və bununla da rekord qıran futbolçu C. Fonddasnayadır. Karyerası boyunca onun ayağı 4 dəfə sınıb. 1962-ci ildə növbəti dəfə ayağı sınan fransız futbolçu idmandan kənarlaşıb.
Avropa çempionatının seçmə mərhələsində Almaniya yığması San- Marinonun futbolçularını neytral sahədə 13:0 hesabı ilə məğlub edib.
81 min tamaşaçı tutumuna malik "Atatürk" Olimpiya stadionunda "İstanbul BŞB" - "Gənclərbirliyi" oyunu zamanı ən az azarkeş qeydə alınıb.
Dünyanın ən sürətli het-trik rekordu "Ross Kountyun"un köhnə futbolçularından olan Tommi Rossa aiddir. O, 1964-cü ildə Viktoriya parkında oynanan matçda 90 saniyədə 3 qola imza atıb.


"Buremontaun"un "Vrehem" ilə görüşdüyü oyuna 84-cü dəqiqədə daxil olan və 140 saniyə ərzində 3 qol vuran Ceyms Hayter İngiltərə futbol liqasının "ən sürətli het-trik edən" futbolçusu adını alıb. Premyer Liqada bu rekord Robi Fovlerə məxsus idi.
Məşhur ingilis ulduzu 1994-cü ildə keçirilən oyunda 4 dəqiqə 33 saniyə ərzində 3 qola imza atıb.

 

(ardı var)