Avropa çempionatı ərəfəsində Sankt-Peterburqda vəziyyət gərginləşib

Avropa çempionatı ərəfəsində Sankt-Peterburqda vəziyyət gərginləşib

Futbol üzrə Avropa çempionatı ərəfəsində Sankt-Peterburqda koronavirusla bağlı vəziyyət qeyri-stabil hal alıb. Belə ki, yerli xəstəxanalarda COVİD-19 xəstələri üçün ayrılan yerlər tükənmək üzrədir. Məlumata görə, koronavirus xəstələri üçün çarpayı fondunda yalnız 8 faiz yer mövcuddur.
Yerli hakimiyyət əlavə çarpayıları istifadəyə verməsi üçün səhiyyə komitəsinə tapşırıq verib. Şəhər hakimiyyətinin növbəti iclası zaman virusa yoluxanların dinamikası müzakirə olunmayıb. İclas iştirakçıları yalnız COVİD-19 virusuna qarşı vaksinasiya edilməsindən söz açıblar.
Maraqlıdır ki, Sankt-Peterburq iyun ayının 2-dən etibarən xəstəxanaların COVİD-19 virusuna yoluxan xəstələrin sayını açıqlamır. Statistikanın elan olunmamasının rəsmi açıqlaması olmasa da, media nümayəndələri bunun Avropa çempionatı ərəfəsində şəhərin turizm səviyyəsinə xələl gəlməməsi üçün edildiyini təxmin edirlər.
Xatırladaq ki, Avropa çempionatı ötən il keçirilməsi planlaşdırılırdı. Lakin pandemiya ilə əlaqədar olaraq, turnir 2021-ci ilin yay ayına təxirə salınıb. Oyunlar iyunun 11-dən iyulun 11-dək Sankt-Peterburq da daxil olmaqla bir neçə şəhərdə keçiriləcək. “Qazprom Arena” stadionu çempionatın 7 qarşılaşmasını qəbul edəcək.