Bu gün “köhnə qitə”də yeni futbol bayramı başlayır

Bu gün “köhnə qitə”də yeni futbol bayramı başlayır

Bu gün fubol azarkeşlərinin səbrsizliklə gözlədiyi AVRO-2020-yə start veriləcək. “Köhnə qitə”nin ən güclü komandaları çempionluq uğrunda mübarizəyə başlayacaqlar. 16-cı dəfə təşkil olunacaq çempionatda 24 komanda 6 qrupda mübarizə aparacaq. Çempionatın açılış matçı bu gün İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq açılış matçında Türkiyə və İtaliya komandaları üz-üzə gələcəklər. İyulun 11-dək davam edəcək futbol bayramı Avropa çempionatının 60 illik yubileyi münasibətilə UEFA-ya üzv olan qitənin 11 ölkəsinin 11 müxtəlif şəhərində təşkil olunacaq.

Qeyd edək ki, çempionatın oyunlarının əvvəlcə 12 şəhərdə keçirilməsi barədə qərar qəbul olunsa da, Dublin şəhəri sonradan namizədliyini geri götürüb. Beləliklə, 16-cı Avropa çempionatının oyunlarına Bakı (“Olimpiya Stadionu”), Sankt-Peterburq (“Sankt-Peterburq Arena”), London (“Uembli”), Münhen (“Alyans Arena”), Roma (“Olimpiko”), Buxarest (“Milli stadion”), Kopenhagen (“Parken”), Amsterdam (“Yohan Kroyff”), Sevilya (“La-Kartuha”), Qlazqo (“Hampden Park”), Budapeşt (“Puşkaş Arena”) şəhərləri ev sahibliyi edəcək.

Turnirin 2020-ci il iyunun 12-dən iyulun 13-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən çempionatın 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Avropa çempionatları tarixində ilk dəfə bu turnirdə videonəzarət (VAR) texnologiyasından istifadə ediləcək. Çempionatın final görüşü Londondakı “Uembli” stadionunda təşkil olunacaq. “Uembli” stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi edəcək.

Avropa çempionatının rəsmi mahnısı da müəyyənləşib. Belə ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın “U2 Bono and The Edge” rok qrupunun üzvləri ifa edirlər. Mahnı “We are the people” adlanır.

2020-ci ilin noyabrın 30-da Buxarestdə atılan püşkün nəticələrinə əsasən, Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Niderland, Ukrayna, Avstriya və Şimali Makedoniya C qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Şotlandiya yarışacaqlar. İspaniya, İsveç, Polşa və Slovakiya E qrupunda yer alıblar. Sonuncu - F qrupunda isə Fransa, Almaniya, Portuqaliya və Macarıstan seçmələri qarşılaşacaqlar.

Bakı Olimpiya Stadionu A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. İyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Dörddəbir final mərhələsinin qarşılaşması isə Bakıda iyulun 3-də keçiriləcək.

Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.