Sabah Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iyunun 20-dək davam edəcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Bu gün güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İlk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yeniyetmələr xalça üzərinə çıxacaqlar. İyunun 15-də isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcəsində yer alan güləşçilər mübarizəyə qoşulacaqlar. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Bu Avropa çempionatında millimiz tam heyətlə iştirak edəcək. Bolqarıstana yollanan komandamızın tərkibində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Abil İbrahimovun rəhbərliyi altında Yusif İsparov (45 kq), Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq), Sübhan Səfərli (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ümid Məmmədov (65 kq), Sadiq Mustafazadə (71 kq), Səttərxan Allahverdili (80 kq), Vüqar Həsənov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıblar.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimizdən Zaur Şərifov və Tural Əliyev yarışda ədaləti qoruyacaq.