Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open” turniri keçirilir. Sərbəst və qadın güləşçilərin ardından yunan-Roma güləşçiləri də yarışda mübarizəyə qoşulublar. Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov da bu gün turnirdə xalça üzərinə çıxıb. 82 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb. Lakin güləşçimiz növbəti mərhələdə ukraynalı Yaroslav Filçakova 3:4 hesabı ilə uduzaraq finala yüksələ bilməyib. Rafiq Hüseynov bürünc medal uğrunda norveçli Maqnus Qroyenviklə üz-üzə gəlib.
Güləşçimiz bu görüşdə rəqibini 9:0 hesabı ilə məğlub edərək Polşada komandamıza növbəti bürünc medalı qazandırıb.
Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (70 kq)və Hacımurad Hacıyev (74 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.