Rusiyanın paytaxtı Moskvadakı "Vegas City Hall"da Rusiya Gənclər və İdman Nazirliyi, Rusiya Peşəkar Boks Federasiyası və "WTKF" tərəfindən "Буря в июне" adlı beynəlxalq peşəkar boks turniri keçirilib.
Turnirdə ölkəmizi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun, iş adamları Pənah İbrahimov və Rəvan Bəşirovun dəstəyi ilə peşəkar boksçumuz Fuad Tarverdi təmsil edib.
"Qızıl Əlcək" idman klubunun məşqçisi Rəhim Allahverdiyev və Rusiyanın "Mübariz" idman klubunun məşqçisi Ravid Axundovun yetirməsi olan Fuad Tarverdi ilk döyüşünü keçirib.
Boksçumuzun rəqibi əvvəlcə erməni idmançısı Armen Arutyunov olsa da, yarışdan bir-neçə gün öncə döyüşdən imtina edib. Onun yerinə Ermənistanı təmsil edən digər boksçu Qriqoriy Arutyunyan təyin olunub. Lakin bu idmançı da Fuad Tarverdi ilə döyüşməkdən imtina edib.
Nəticədə boksçumuzun rəqibi Qırğızıstanı təmsil edən Saymik Mamadaliyev olub. İlk peşəkar döyüşünə çıxan Fuad Tarverdi rinqə Şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" kompozisiyası ilə daxil olub.
Boksçumuz rəqibini görüşün 3-cü raundda nokautla məğlub edib. F.Tarverdi qazandığı qələbəsini şəhid və qazilərimizə həsr edib.
Şəhid Xudayar Yusifzadənin "Vətən yaxşıdır" kompazisiyası ilə rinqə çıxan boksçumuz nokautla qələbə qazandı