Bu gün AVRO-2020-də daha iki oyun təşkil olunacaq
Bu gün futbol üzrə Avropa çempionatında daha iki oyun keçiriləcək. Görüşlərin hər ikisi F qrupunda olacaq. Günün ilk matçı Macarıstanda oynanılacaq. Budapeştdəki "Puşkaş Arena"da Macarıstan millisi ilə Avropa çempionatının son qalibi Portuqaliya üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanı türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.
Qrupun digər oyunu isə Avropa çempionatının 2 əsas favoriti - Almaniya və Fransa milliləri arasında olacaq. Münhendəki eyniadlı areanda baş tutacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İki komanda ilk dəfə hansısa böyük turnirin qrup mərhələsində üz-üzə gələcək. Sonuncu dəfə AVRO-2016-nın yarımfinalına təsadüf edən dueldə fransızlar 2:0 hesablı qələbə qazanıblar.