“Qalmaqallar kralı” Maradona

“Qalmaqallar kralı” Maradona



Futbol tarixinin ən məşhurlarından biri olan argentinalı Dieqo Maradonanın adı qalmaqallı hadisələrdə tez-tez hallanır. Meydanda öz oyun üslubu ilə bütün dünyanı heyrətə salan Maradonaya “qalmaqallar kralı” ləqəbi təsadüfən verilməyib. Məşhur futbolçunun “baş rolda oynadığı” qalmaqallardan bəzisini oxucuların diqqətinə çatdırırıq.

 

Jurnalistin ayağının əzilməsi

Dahi futbolçunun fotoreportyorlara, ümumiyyətlə jurnalistlərə mənfi münasibəti çoxdan məlumdur. Məsələn, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında çıxış edəcək Argentina millisinin heyətinin açıqlandığı mətbuat konfransı Maradonanın hay-küyü ilə yadda qalıb. Daha doğrusu, mətbuat konfransı başa çatdıqdan sonra baş verənlər argentinalının mətbuata “sevgisini” bir daha büruzə verib. Belə ki, o, öz maşınını kənarda dayanmış fotoreportyorun ayağının üstündən sürüb. Maraqlıdır ki, Maradona bu hərəkətinə görə nəinki üzr istəməyib, əksinə, ayağı əzilmiş jurnalisti təhqir edib.


 

Azarkeşin zarafatı

Qalmaqalın əsası Buenos-Ayresə uçan təyyarənin sərnişinlərinin biri tərəfindən qoyulub. Belə ki, həmin şəxs bu təyyarədə uçan Maradona ilə zarafat etmək istəyib. O, styuardessa vasitəsi ilə argentinalı keçmiş futbolçuya arıqlamaq üçün preparat göndərib. Bu, Maradonanı özündən çıxarıb. Onun qəzəbinə tuş gələnlər isə, yenə də jurnalistlər olublar. Hava limanında olan mətbuat işçiləri argentinalının “daş yağışı” ilə rastlaşıblar.
 

Baş məşqçi
fanatı vurub

2011-ci ildə Dieqo Maradona “Əl-Vəsl” adlı ərəb klubunun baş məşqçisi təyin edilib. Bu klubda cəmi bir ay çalışdıqdan sonra, o, yenə də diqqət mərkəzinə düşüb. Azarkeşlərdən biri Dieqonun şəklini çəkmək istəyib. Amma “ipə-sapa yatmayan” məşqçi ayağı ilə həmin azarkeşin qoluna güclü bir zərbə vurub.

Tribunaya hücum

“Qalmaqallar kralı” Ərəbistanda işlədiyi zaman bir neçə dəfə qalmaqal yaradıb. Maraqlıdır ki, bu hadisələr zamanı Maradona həm də zərərçəkənlər sırasında olub. Məsələn, argentinalının rəhbərlik etdiyi “Əl-Vəsl” komandası, “Əl- Şababa” ilə qarşılaşanda argentinalı xəsarət alıb. Həmin oyunda rəqib komandanın fanatları Maradonanın sevgilisi Veronika Oxeduya sataşıblar. Əlinə ağac götürən keçmiş futbolçu “Əl-Şababa”lı fanatların üstünə cumub. Qəzəblənən fanatlar məşhur futbol ulduzunu əzişdirə bilməsələr də, ona xəsarət yetiriblər. Qalmaqal böyüməsin deyə, stadionun mühafizəçiləri Maradonanı oradan uzaqlaşdırıblar.
 

Jurnalistlərə  açılan atəş
 

Məşhur futbolçu mətbuat nümayəndələrinə olan nifrətini təkcə daş atmaqla, jurnalistləri söyməklə büruzə verməyib. Bu nifrət o həddə çatıb ki, Maradona jurnalistləri hətta güllə yağışına tutub. 1994-cü ildə baş verən bu hadisədən sonra argentinalı ulduza məhkəmə tərəfindən 2 il şərti cəza verilib.

 

Fotoqrafa təpiklə
iki zərbə vurub

Dieqo Maradona növbəti dəfə insanlara hücum etməkdə günahlandırılır. Bu dəfə 52 yaşlı argentinalının qurbanı fotoqraf Enrike Medina olub. Zərərçəkən artıq hadisə ilə bağlı polisə müraciət edib.
Fotoqraf Maradonanın atasının Buenos-Ayres yaxınlığındakı evinin yanında durub onu gözləyərək şəklini çəkmək istəyib. Medinanın sözlərinə görə, keçmiş futbolçu onu görən kimi, cərimə zərbəsi yerinə yetirirmiş kimi, qaçaraq qasıq nahiyəsindən təpiklə iki zərbə vurub.
Mətbuat fotoqrafın sözlərini belə təqdim edib: “Bu, adi insanın zərbəsi deyildi. Axı o, ayağından zərbələr üçün dəfələrlə istifadə edib. Maradona çox qəzəbli idi, elə bil ağlı başında deyildi”.