İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı keçirilir. 41 ölkənin boksçularının iştirak etdiyi yarışda Azərbaycan millisi də mübarizə aparır. Komandamız çempionatda 7 boksçu ilə təmsil olunur. Yarışın birinci günü boksçularımız üçün uğurlu olub. Rinqə çıxan dörd boksçumuzun hər biri növbəti mərhələyə vəsiqə qazanıb. Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov onaltıdabir final mərhələsində macarıstanlı İstvan Bundovçsə 5:0 hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə ermənistanlı Jorjik Marutyan ilə qarşılaşacaq. Görüş iyunun 19-da təşkil olunacaq.
Digər təmsilçimiz Ruslan Rüstəmovun (64 kq) Uça Jorjoliani (Gürcüstan) ilə qarşılaşması daha gərgin alınıb. Görüşdə 3:2 hesabı ilə qələbə qazanan boksçumuz səkkizdəbir finala yüksəlib. O, bu gün rusiyalı Maqomed Şamsayevlə üz-üzə gələcək.
Komandamızın digər üzvü Sərxan Əliyev (69 kq) Patriot Behramini (Kosovo) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən təmsilçimiz səkkizdəbir finalda ukraynalı Maksim Molodanla döyüşəcək. Görüş iyunun 19-da baş tutacaq.
Mirəşrəf Kazımzadə (75 kq) isə Arşak Yelizbaryana (Gürcüstan) şans verməyib. Həmyerlimiz erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edib. M.Kazımzadə bu gün səkkizdəbir finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.
Çempiontın final görüşləri iyunun 24-də olacaq.
Boksçularımızdan uğurlu başlanğıc