Güləşçimiz erməni idmançıya qalib gəldi
Bolqarıstanın Samokov şəhərində güləş üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilir.
Bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Yarışın beşinci günündə 3 pəhləvanımız xalça üzərinə çıxıb.
55 kq-da Fərid Baxışlı təsnifat mərhələsində Yuhan Kristyuhana (Estoniya) 9:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Onun növbəti rəqibi almaniyalı Luka Musman olacaq.
65 kq çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə əvvəlcə türkiyəli Nihat Kara üzərində 3:2 hesablı qələbə qazanıb. 1/8 finalda idmançımız Ermənistan təmsilçisi Aşot Xaçatryanla üz-üzə gəlib. Güləşçimiz rəqibini məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə idmançımızın rəqibi ukraynalı İmed Xudzadze olacaq.
80 kq-dakı Cocu Səmədov ilk görüşdə Maksim Masiukeviçə (Belarus) uduzub - 5:7. 48 kq-da mübarizə aparan Fəraim Mustafayev isə hələ döşək üzərinə çıxmayıb. Mübarizəyə 1/4 finalda qoşulacaq idmançı Oliver Qrauenlə (Estoniya) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.