Ukrayna yığması AVRO-2020-nin final mərhələsində ilk qələbəsini qazandı  

Ukrayna yığması AVRO-2020-nin final mərhələsində ilk qələbəsini qazandı  

Bu gün AVRO-2020 çərçivəsində C qrupunda ikinci turunun oyunlarına start verilib. Günün ilk qarşılaşması Buxarestdə “Milli Arena”da oynanılıb. Burada ötən turda məğlub olan iki komanda Ukrayna və Şimali Makedoniya milliləri üz-üzə gəlib. Görüş Ukrayna komandasının qələbəsi ilə başa çatıb -2:1.
Matçda hesab 29-cu dəqiqədə açılıb. Andrey Yarmolenko komandasını hesabda önə çıxarıb. Vurulan qoldan beş dəqiqə sonra Ukrayna millisi ikinci topu rəqib qapısından keçirib. Roman Yaremçuk adını tabloya yazdırıb. Çimali Makedoniya millisi bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Görüşün 57-ci dəqiqəsində referi Ukrayna seçməsinin qapısında penalti zərbəsi təyin edib. Ezgjan Alioskinin vurduğu topu qapıçı qaytarsa da, futbolçunun təkrar zərbəsi qolla nəticələnib. Beləliklə, rəqibini minimal məğlub edən Ukrayna yığması AVRO-2020-nin final mərhələsində ilk qələbəsini və xallarını qazanıb.  
Xatırladaq ki, Andrey Şevçenkonun yetirmələri ilk turda Niderlanda 2:3 hesabı ilə məğlub olmuşdular. Şimali Makedoniya millisi isə ilk turda Avstriya komandasına uduzmuşdu -1:3.