Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Azərbaycan Məktəb İdmanları Federasiyası , “İDEA” Şahmat Klubu və 132-134 nömrəli təhsil kompleksinin birgə təşkilatçılığı ilə həmin məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri Nicat Tarverdiyev, Yusif Budaqov, Fərid Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Açıq havada təşkil olunan tədbirdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq qələbədən, Vətən uğrunda əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb. O, şəhidlərimizin xatirəsinə həsr olunan turnirlərin davam etdiriləcəyini vurğulayıb.
Təhsil kompleksinin direktoru Sara Xanlarova şəhidlər haqqında məlumat verib, onların xatirə guşəsinin hazırlandığını bildirib.
Sonra şəhid Nicat Tarverdiyevin anası Şükran xanım, şəhid Yusif Budaqovun yaxını Sədaqət Allahyarova və şəhid Fərid Əliyevin həyat yoldaşı Elnarə Əliyeva çıxış edərək xatirə turnirlərinin təşkilinin şəhidlərimizin tanıdılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Otuz beş şahmatçının mübarizə apardığı turnirin qalibləri mükafatlandırılıblar.