Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Beşinci yarış günündə 48 kq, 55 kq, 65 kq, 80 kq və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.
Klassiklərin mübarizəsində Azərbaycan pəhləvanları da qüvvələrini sınayıblar. Mübarizəyə 1/4 finaldan başlayan Fəraim Mustafayev estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran F.Mustafayev finala vəsiqə qazanıb. Fəraim həlledici görüşdə Türkiyədən olan rəqibinə də aşkar fərqlə qalib gələrək Avropa çempionu olub. Xatırladaq ki, güləşçimiz iki il əvvəl U-15 Avropa çempionatında da qızıl medal qazanmışdı.
Fərid Baxışlı isə debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisi ilə gərgin keçən mübarizədə də sevinən tərəf olan F.Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan Fərid finala adlayıb. Həlledici görüşdə Ermənistan idmançısı ilə üz-üzə gələn həmyerlimiz 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, möhtəşəm geridönüş edərək sonuncu xal prinsipinə əsasən Avropa çempionu olub. Güləşçimiz qalib elan olunduqdan sonra əsgər salamı verib.
Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini xalçadan məyus yola salıb. Lakin növbəti görüşdə Ukrayna təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Kənan iyunun 19-da təsəlliverici görüşə çıxıb və yunan həmkarına qalib gəlib. Estoniya təmsilçisinə də heç bir şans tanımayan Abdullazadə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Cocu Səmədov 1/8 finalda belaruslu rəqibinə uduzub.
Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu oldu