Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı sona yaxınlaşır. Altıncı yarış günündə 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Rahim Həsənov çexiyalı idmançıya vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanından da güclü olan həmyerlimiz adını finala yazdırıb.
Pərviz Dadaşov 1/8 finalda yerli idmançıya uduzub. Ancaq Bolqarıstan güləşçisi finaladək irəlilədiyi üçün millimizin üzvü iyunun 20-də təsəlliverici görüşə çıxacaq.
Fərid Xəlilov təsnifat mərhələsində gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Xəlilov Moldova təmsilçisinə də eyni aqibəti yaşadıb. Ermənistan güləşçisini də xalçaya çıxmağa peşman edən Fərid adını yarımfinala yazdırıb. Türkiyədən olan rəqibini də vaxtından əvvəl məğlubiyyətə uğrada güləşçimiz finala adlayıb.
Ruslan Nurullayev debütdə alman həmkarına elə ilk hissədə tam üstünlüklə qalib gəlib. R.Nurullayev Serbiya güləşçisini də xalçadan erkən məyus yola salıb. Ruslan Gürcüstan pəhləvanının da öhdəsindən gəlməklə yarımfinala vəsiqə qazanıb.
Cavidan Nuri startda macar rəqibini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda belaruslu güləşçiyə məğlub olub.
Bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyunun 20-də keçiriləcək.
Pəhləvanlarımız üçün daha 2 qızıl medal şansı