AVRO-2020: Fransa və Portuqaliya qrupdan çıxdı

AVRO-2020: Fransa və Portuqaliya qrupdan çıxdı

AVRO-2020-də 1/8 finala vəsiqə qazanan bütün komandaların adlarına aydınlıq gəlib. Pley-offa son vəsiqələr F qrupunda keçirilən görüşlərdən sonra müəyyənləşib. Növbəti mərhələyə vəsiqəni daha əvvəl təmin etmiş Fransa son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Matçda hesabı 31-ci dəqiqədə penaltidən Kriştianu Ronaldo açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kərim Benzema tarazlığı bərpa edib. İspaniya "Real Madrid"inin hücumçusu 47-ci dəqiqə dubl edib. Ronaldunun 60-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurduğu qol isə yekun hesabı müəyyənləşdirib. Bu nəticədən sonra Fransa qrupu 5 xalla birinci pillədə tamamlayıb. 4-cü xalını qazanan Portuqaliya isə ən yaxşı 3-cü yeri tutan 4 komandadan biri kimi qrupdan çıxıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları iyunun 26, 27, 28 və 29-da keçiriləcək