Mini futbol turniri başa çatdı

Mini futbol turniri başa çatdı

Mini futbol üzrə Gəncə şəhər birincliyinin final mərhələsi keçirilib.​ Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarış 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimizin əziz xatirəsinə və 23 iyun Dövlət Qulluqçularının peşə bayramına həsr olunub. Mini futbol yarışının finalında Gəncə Regional Ədliyyə İdarəsinin və Gəncə Regional Mühafizə İdarəsinin komandaları qarşılaşlblar. Finalda Gəncə Regional Ədliyyə İdarəsinin komandası qalib gəlib.

Final oyunu bitdikdən sonra mükafatlandırılma mərasimi keçirilib. Mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək qalib komandaları təbrik edib və belə yarışların davamlı olacağını qeyd edib.

Sonda Baş İdarə tərəfindən qaliblər​ diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.​

Qeyd edək ki, mini futbol yarışı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq açıq hava şəraitində və həkim nəzarəti altında olimpiya sisteminə əsasən keçirilib.

Yarışda şəhərdə fəaliyyət göstərən Dövlət qurumlarından Gəncə Apellyasiya Məhkəməsinin, Gəncə Regional Mühafizə İdarəsinin, Gəncə Regional Ədliyyə İdarəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin, Gəncə Baş Polis İdarəsinin, DSMF Publik Hüquqi Şəxsinin 18 saylı regional ərazi filialının, Dövlət Məşğulluq Agentliyinin 6 saylı Regional Məşğulluq Ərazi İdarəsinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin komandaları iştirak edib.