Ronaldo cənubi azərbaycanlı futbolçuya çatdı

Ronaldo cənubi azərbaycanlı futbolçuya çatdı

​Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun Avropa çempionatının F qrupunun III turunda Fransaya vurduğu 2-ci qol onun üçün əlamətdar olub. 60-cı dəqiqədə penaltidən fərqlənən 36 yaşlı hücumçu yığmadakı qollarının sayını 109-a çatdırıb. Ulduz futbolçu bununla da İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu (109 qol) təkrarlayıb. İran yığmasının sabiq hücumçusu Əli Daei milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxan portuqaliyalı futbolçu Kristiano Ronaldo haqda fikirlərini bildirib. Əslən azərbaycanlı olan keçmiş hücumçu Ronaldonu təbrik edib: “Rekordu qırmasına bir qol qalan Ronaldonu təbrik edirəm. O, futbol çempionu və böyük insandır. Belə bir əlamətdar uğurun ona qismət olmasından qürur duyuram”.

Portuqaliya yığmasının ulduz futbolçusu da buna görə Əli Daeiyə təşəkkür edib. 36 yaşlı forvard ərdəbilli sabiq futbolçunun onun haqqında yazdıqlarına münasibət bildirib. Ronaldo “İnstaqram” hesabındakı paylaşımında yazıb: “Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei”.