Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının iyunun 28-də Almaniyanın Dortmund şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib. İyunun 26-da Almaniyaya yollanan heyətdə gənclərdən ibarət yığmamızın böyük məşqçisi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi ilə Murad Haqverdiyev (57 kq), Kənan Heybətov (61 kq), Sabir Cəfərov (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fuad Mayılov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Zəfər Əliyev (97 kq) və Aydın Əhmədov (125 kq) yer alıblar.
Yarışın proqramına əsasən, iyunun 27-də bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçiriləcək. Ertəsi gün – ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Yarışın ikinci günündə isə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar mübarizəyə qoşulacaqlar.
Avropa çempionatında yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.
İyulun 6-dək davam edəcək çempionatda mübarizə aparacaq qızlardan ibarət millimiz Bakıda hazırlıq prosesini davam etdirir. Olimpiya Güləş Mərkəzində yığmanın məşqçisi Rövşən Umudov və gənclərdən ibarət yığmanın böyük məşqçisi Həsrət Məmmədyarovun rəhbərliyi altında davam edən məşqlərdə əsasən taktiki-texniki çalışmalar yerinə yetirilir.
Komanda iyunun 28-də Almaniyaya yollanacaq. Ertəsi gün qadın güləşində bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçiriləcək. İyunun 30-da 50, 55, 59, 68 və 76, iyulun 1-də isə 53, 57, 62, 65 və 72 kiloqram çəki dərəcələrində mübarizə aparacaq güləşçilər xalça üzərinə çıxacaqlar.