AVRO-2020: İspaniya millisi 1/4 finalda

AVRO-2020: İspaniya millisi 1/4 finalda

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Turnirin favoritlərindən İspaniya millisi son dünya çempionatının gümüş medalçısı Xorvatiya ilə üz-üzə gəlib. ​ Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda keçirilən matçda qapılara 8 top vurulub. Türkiyəli FİFA referisi Cuneyt Çakırın idarə etdiyi qarşılaşmada “qırmızı furya” 5:3 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.

Oyunda hesabı “damalılar” açıblar. Matçın 20-ci dəqiqəsində ​ Pedrinin geriyə ötürdüyü topu qapıçı Unay Simon ayağının altından buraxıb. Buraxılan topdan sonra hücumlarının kəsərini artıran Luis Enrikenin yetirmələri 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Pablo Sarabiya adını tabloya yazdırıb. İlk hissədə başqa qol olmayıb. İkinci hissədə azarkeşlər daha 6 qola şahidlik ediblər. Əvvəlcə 57-ci dəqiqədə Sezar Asplikueta fərqlənərək prineyliləri hesabda önə çıxarıb. 77-ci dəqiqədə isə rəqib müdafiəçinin kobud səhvindən istifadə edən Ferran Torres komandasının üstünlüyünü 2 topa çatdırıb. Lakin ruhdan düşməyən Xorvatiya millisi əvvəlcə 85-ci dəqiqədə Mislav Orşiçin qolu ilə fərqi azaldıb. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə Mario Paşaliç hesabı bərabərləşdirib. Əsas vaxtda hesab bərabər olduğundan qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. 100-cü dəqiqədə Alvaro Morata “matadorlar”ı yenidən hesabda önə keçirib. 3 dəqiqə sonra isə Mikel Oyarzabal matçın yekun nəticəsini müəyyənləşdirəcək qolu vurub. Beləliklə, 5:3 hesablı qələbə qazanan İspaniya millisi 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, İspaniya yığması Fransa - İsveçrə matçının qalibi ilə qarşılaşacaq.