Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan qadın güləşçimiz Mariya Stadnik olimpiyadunyasi.com və olimnews.az saytı ilə qələbə təəssüratlarını bölüşüb. Qazandığı bürünc medala görə sevindiyini deyən xanım güləşçi çıxış etdiyi dördüncü olimpiadasında ölkəmizin bayrağını dalğalandırdığı üçün qürur duyduğunu bildirib.
“Olimpiya Oyunlarının bürünc mükafatçısı olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. O qədər xoşbəxtəm ki, sanki qızıl medal əldə etmişəm. Hisslərimi sözlə ifadə etmək mümkün deyil. Düzdür, qızıl medal qazana bilmədiyim üçün həmin gün çox məyus olmuşdum. Lakin Olimpiya medalının dəyərini indi daha yaxşı anlayıram. Neçə idmançının mənim yerimdə olmaq istəyini görürəm. Keçdiyim idman karyeram üçün Tanrıya təşəkkür edirəm”, - deyə Mariya Stadnik qeyd edib.
Qeyd edək ki, Tokio-2020-də mübarizəyə 1/8 finaldan başlayan Mariya Stadnik əvvəlcə rusiyalı Stalvira Orşuşa, daha sonra isə tunisli Sarra Hamdiyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda görüşdə yaponiyalı Yui Susakiyə məğlub olan güləşçimiz üçüncü yer uğrunda qarşılaşmada monqolustanlı Namuuntsetseq Oçiriyə qalib gələrək bürünc medala sahib çıxıb.
Mariya Stadnik: “Olimpiya medalının dəyərini indi daha yaxşı anlayıram”