Bu günlərdə İranda yerli milli komanda ilə birgə təlim-məşqlərdə iştirak edən taekvondoçularımız beynəlxalq turnir ərəfəsindədirlər. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və milli komandaların baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi ilə Misir Ərəb Respublikasına yollanan heyətə 31 idmançı cəlb edilib. Fevralın 24-dən 27-dək İskəndəriyyə şəhərində keçiriləcək "Alexandria Open" beynəlxalq turnirində milli komandamızı qadınların baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev və kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanov da müşayiət edəcək.
Məşqçilər heyəti müxtəlif çəkilərdə 19 kişi, 11 qadın idmançıya şans verib. Qeyd edək ki, 5-ci dəfə təşkil edilən "Alexandria Open" turniri Ümumdünya Taekvondo Federasiyasının "G1" dərəcəli yarışlarındandır. Bu nüfuzlu turnirin mükafatçıları eyni zamanda beynəlxalq reytinq xallarını artırmış olurlar. Fevralın 21-də səfərə çıxan milli komandamız ayın 28-də Bakıya dönəcək. Misirdəki turnirin ardından taekvondoçularımızı gərgin yarış cədvəli gözləyir.