Avropa Liqası: Pley-offa yüksələn ilk iki klub müəyyənləşdi

Avropa Liqası: Pley-offa yüksələn ilk iki klub müəyyənləşdi

Ötən gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start verilib. İlk oyun günündə 2 qarşılaşma təşkil olunub. Kiprdəki ilk oyunda 1:0 hesablı qələbə qazanan "Omoniya" Estoniyada "Flora" ilə üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan qonaqlar pley-offa vəsiqə qazanıblar. Digər oyunda isə "Slovan" Slovakiyada Cəbəllütariqin "Linkoln" komandasını sınağa çəkib. Birinci görüşdə qələbə qazanan Bratislava təmsilçisi cavab matçında rəqibi ilə heç-heçə edib - 1:1. Bununla da "Slovan" 2 görüşün nəticəsinə əsasən, növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, III təsnifat mərhələsinin digər 6 oyunu avqustun 12-də oynanılacaq. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" Finlandiyada HİK (Helsinki) klubu ilə qarşılaşacaq. Ölkə futbolunun flaqmanı Bakıda keçirilən ilk oyunda rəqibin müqavimətini qıra bilməmişdi - 2:2.