Avropa Liqası: "Neftçi" bu gün Helsinkidə HİK komandası ilə qarşılaşacaq

Avropa Liqası: "Neftçi" bu gün Helsinkidə HİK komandası ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. İkinci oyun günündə son 6 iştirakçının adına aydınlıq gələcək. Bu gün son Azərbaycan çempionu "Neftçi" klubu da cavab qarşılaşmasına çıxacaq. Ötən həftə Bakıda Finlandiyada HİK komandası ilə 2:2 hesablı heç-heçə edən ölkə futbolunun flaqmanı bu gün Helsinkidəki "Bolt Arena"da cavab matçına çıxacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edəcək. UEFA səfər qolu qaydasını ləğv etdiyindən, istənilən hesablı heç-heçə cavab görüşünü əlavə vaxta aparacaq. Bu səbəbdən komandamız mərhələ adlamaq üçün yalnız qələbə qazanmalıdır. 
Oyundan əvvəl hər iki komandanın heyətində itkilər var. Belə ki,  "Neftçi"dən Namik Ələskərov zədə, Uqo Basto isə koronavirusa yoluxması səbəbindən oyunda iştirak etməyəcək. HİK-ə gəldikdə, müdafiəçi Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər Santeri Vyayanyanen və İqor Çukoviçin zədə səbəbindən meydana çıxması sual altındadır.
Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" komandası ilə üz-üzə gələcək. Məğlub olan klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu turnirdə koamandanın rəqibi isə "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq.