“Azərbaycana medal qazandırdığımız üçün hər birimiz sevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir”.
Bu sözləri Azərbaycanın Tokio-2020-nin yunan-Roma güləşi çərçivəsində keçirilən yarışda bürünc medal qazanan Rafiq Hüseynov deyib. İdmançı Vətənə medalla qayıtması ilə bağlı sevincini belə ifadə edib: “Həm müharibə, həm də pandemiya dövrünün çətinlikləri idmandan da yan keçməyib. Bəli, bu gün qızıl medal qazana bilmədik. Amma çox sevinirik ki, ölkəyə mükafatsız qayıtmadıq. Medal almayan komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram. Bundan sonra daha bir Olimpiada da güləşmək fikrindəyəm. Yaşım da elə çox deyil. 33 yaşındayam. Əgər qalib gələ bilirsənsə, davam etmək şərtdir. Mən də idmana bu prinsiplə yanaşıram. Hər bir qələbə, medal motivasiyadır. Xüsusilə də Olimpiya medalı. Çalışacağıq ki, 3 il ərzində hazırlaşaq və növbəti dəfə qızıl mükafata sahib olaq”.
Bürünc medal uğrunda görüşdə ermənistanlı Karapet Çalyanı məğlub edən Avropa çempionumuz hər qarşılaşmanın onun üçün xüsusi olduğunu vurğulayıb: “4 döyüşün hər biri mənim üçün ağır idi. Hər bir rəqiblə görüşə xüsusi hazırlaşmışdım. Qarşılaşmaların hər biri prinsipial idi. Əsas məqsədim isə medal qazanmaq idi ki, onu da əldə etdim”.
Rafiq Hüseynov: "Əgər qalib gələ bilirsənsə, davam etmək şərtdir”