Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək ənənəvi "Strandja" turnirində iştirak edəcəklər. Fevralın 20-dən 23-dək keçiriləcək yarışda Bolqarıstan, Belarus, Qazaxıstan, Braziliya, İtaliya, Rusiya, Ukrayna, Özbəkistan komandalarının iştirakı gözlənilir. Avropanın ən qədim boks turniri hesab olunan "Strandja"da 5 idmançımız qələbə uğrunda mübarizə aparacaq. İdmançılarımızdan 2013-cü il Azərbaycan çempionatının finalçıları Münasib Məmmədov (49 kq), Əbdürrəhman Şirinov (52 kq), Bəhruz Babayev (69 kq), Azərbaycan çempionatının bürünc mükafatçısı, Neft Ölkələrinin Dünya kubokunun qalibi (2011) Cavid Çələbiyev (56 kq) (2013), 19-22 yaşlılar arasında Avropa çempionu (2012) Elvin İsayev (60 kq) bu yarışda qüvvələrini sınayacaqlar. Millimizin heyətində ən təcrübəli boksçu gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı, yeniyetmələr arasında keçirilən I Sinqapur Olimpiya Oyunlarının finalçısı Elvin İsayevdir. 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ötən il Rusiyanın Kalininqrad şəhərində keçirilmiş 19-22 yaşlıların Avropa çempionatının qalibi olmuşdu. Bolqarıstanda ölkəmizi hakim kimi Nazim Mirhüseynov təmsil edəcək.