Bu hadisə 1893-cü il aprelin 6-da Yeni Orlean (Luiziana ştatı, ABŞ) şəhərində baş verib. Olimpiya klubunun rinqində keçirilən döyüşdə Endi Bouenlə Cek Berk üz-üzə gəlib. Onlar öz şəhərlərində kifayət qədər tanınan idmançılar idi. Hər iki boksçu yüngül çəkidə şimal ştatın çempionu adına namizəd göstərilirdi. Orleanlıların sevimlisi olan Endi Bouen bu qarşılaşmaya qədər bir sıra tanınmış idmançılarla döyüşüb, uğur qazanmışdı. Onun keçirdiyi görüşlərdə nəticə belə idi. 14 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət. Berk isə rəqibinə nisbətən az görüş keçirmişdi - 6-1-2. O, paralel olaraq Texasda məşqçilik edirdi. Karyerasının daha parlaq olması üçün bu görüşə dəvət alan Berk tezliklə diqqət mərkəzinə düşdü.
Şübhəsiz ki, boks gecəsinin favoriti Bouen sayılırdı. Rəqibi isə yalnız kağız üzərində iddialı hesab olunurdu. Görüşün qeyri-adi formada keçiriləcəyi əvvəldən planlaşdırılırdı. Təşkilatçılar bildirirlər ki, bu görüş ən azı 20-30 raunddan tez bitməyəcək. Beləliklə görüş başladı. Nə qədər qeyri-adi səslənsə də, Berk ilk 25 raundda azarakeşləri öz döyüşü ilə heyrətləndirə bildi. Bouen heç cür onunla bacara bilmirdi. 25-ci raunda bəlkə də matçın müqəddəratı həll olunmuşdu. Həmin raunda az qala Berk Boueni nokauta sala bilərdi. Lakin "qonq” səsi buna mane oldu. Rinqin kənarında Boueni tanımaq olmurdu. Berk isə sanki ikinci nəfəslə döyüşürdü. 26-cı raundda qalib müəyyənləşə bilərdi. Amma "dəmir döyüşçü” həmin 3 dəqiqəni dözə bildi. Növbəti raunda üstünlük Bouenin tərəfinə keçdi. Bütün zərbələri dəqiq olan Berkin barmaqları sındı. Onun aldığı zərbə 48-ci raundda öz sözünü deməyə başladı. Bu hissədə "qonq” səsinə bir neçə saniyə qalmış Berk nokdauna düşdü. Artıq döyüşə nəzarət etmək mümkün deyildi. Arenaya toplaşan azarkeşlər də təngə gəlmişdilər. Onların arasında hətta arenanı tərk edən və yuxulayan tamaşaçılara da rast gəlmək olurdu. Yorğun insanlar tribunada sanki özlərini evdəki kimi hiss edirdilər. Bunu boksçular da açıq-aşkar görə bilirdilər. Onlar aralarında titulu, pul mükafatlarını unudub, yalnız qalibi müəyyənləşdirməklə bu cansıxıcı döyüşü sona çatdırmağa tələsirdilər. Rinqdə birinci olaraq görüşün hakimi Con Daffi "təslim oldu”. Neçə saat boksçuların döyüşündə klinç vəziyyətindən bezən Daffinin əsəbləri gərilməyə başladı. Lakin nə olursa olsun matçda qalib müəyyənləşməli idi. Əks halda tamaşaçıların biletlərə verdiyi pul qayatarılmalı yaxud görüş təzədən təşkil olunmalı idi. Daffini geriyə yolu yox idi. Yalnız irəli...108-ci raundda o, hər iki boksçunu yanına çağıraraq bildirdi ki, görüş 110-cu raundda başa çatacaq. Son zərbəni vuran tərəf qalib elan olunacaq. Lakin son raunda da qalib müəyyənləşmədi. Təşkilatçılar və hakimlər görüşü heçə-heçə ilə bitirməyə qərar verdilər. Beləliklə, aprelin 6-sı saat 21:00-da başlayan yarış aprelin 7-si 04:19-da yekunlaşdı. 7 saat 19 dəqiqə davam edən mübarizədə güclü tərəf müəyyənləşmədi.
Görüşdən sonra hər iki boksçu 5 kiloqram çəki itirdi. Onları dərhəl hospitala yolladılar. Həkimlərin müayinəsində sonra məlum oldu ki, hər ki boksçunun əllərində çoxlu sınıqlar var. Bouenlə müqayisədə Berkin vəziyyəti daha kritik idi. Elə bu səbəbdən o, 6 həftə xəstəxanada qalmalı oldu. Bouen bu qarşılaşmadan 1 ay sonra yenidən rinqə qayıtdı. Cek Everdhartla 85 raundluq döyüşdə o, qalib adını qazandı. Doğrudan da o, dövrünün "dəmir adamı” idi.
Hazırladı:
Anar Əhmədov
Axşamdan səhərə qədər 110 raund davam edən döyüş