Ağırlıqqaldıranımız Klaypedada Avropa çempionu olub

Ağırlıqqaldıranımız Klaypedada  Avropa çempionu olub



Qadın atletlər debütdə hələlik iki medal əldə ediblər

Sentyabrın 1-də Litvanın Klaypeda şəhərində start götürən  ağırlıqqaldırma üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyi davam edir.
İlk dəfə yeniyetmə qızlarımızın qatıldığı yarışda Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (53 kq), Kseniya Vişnitska (58 kq) iştirak ediblər. Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Nizami Paşayevin rəhbərliyi altında çıxış edən atletlər arasında 15 yaşa qədər yeniyetmə oğlanlardan Ümid Məlikzadə (45 kq), İsa Rüstəmov, Ruslan Rzazadə (hər ikisi 50 kq), Rüstəm İmanzadə (62 kq), Kənan Əliquliyev (69 kq), 17 yaşa qədər yeniyetmə oğlanlar arasında isə Məhəmməd Məmmədli,  Emin Mirzəyev (hər ikisi 50 kq), Elşad Şərifov (69 kq) və Dadaş Dadaşbəyli (94 kq) qüvvələrini sınayırlar.
Yarışda ilk olaraq Ümid Məlikzadə çıxış edib. 45 kq çəki dərəcəsində  mübarizəyə qoşulan gənc atletimiz birdənqaldırma yarışlarında ona bəslənilən ümidləri doğruldub. Ümid 45 kq, 51 kq və 53 kq-ı ağırlığın öhdəsindən gəlib. Təkanla qaldırmada idmançımız ilk cəhddə 61 kq çəkini qaldırıb. O, ikinci yanaşmada sifariş verdiyi 66 kq çəkini, yalnız iki cəhddə ram edib. İki hərəkətin cəmində 119 kq (53 kq + 66 kq) nəticə göstərən Ümid Məlikzadə qitə yarışını 5-ci pillədə başa vurub.
Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində üç təmsilçimiz öz bacarığını nümayiş etdirib. 50 kq çəki dərəcəsində İsa Rüstəmov birdənqaldırma hərəkətində əvvəlcə 68 kq, sonra isə 73 kq çəkiyə boyun əyməyib. Lakin atletimiz üçüncü yanaşmada 76 kq ağırlığa güc çatdıra bilməyib. İsanın təkanla qaldırma hərəkətində çıxışı da ürəkaçan olub. O, 85 kq çəkini ram edib. Qaldırdığı çəkiyə sonrakı sifarişdə 5 kq əlavə edən gənc ağırlıqqaldıranımız bu çəkinin öhdəsindən gələ bilməyib. İki hərəkətin cəmində 158 kq (73 kq + 85 kq) nəticə göstərən İsa Rüstəmov 8-ci yerlə kifayətlənib.
Bu çəkidə mübarizə aparan digər atletimiz Ruslan Rzazadə medalın bir addımlığında büdrəyib. Belə ki, birdənqaldırma hərəkətinə 75 kq-la başlayan Ruslan 80 kq ağırlığın öhdəsindən yalnız ikinci yanaşmada gəlib. 
Təkanla qaldırma hərəkətində Ruslan əvvəlcə 95 kq, sonra isə 98 kq-lıq ştanqı başı üzərinə qaldırıb. 3-cü yanaşmada sifariş verilən 101 kq ağırlıq isə idmançımız üçün asan olmayıb. Daha doğrusu, Ruslan bu çəkin qaldırsa da, hakimlər bunu uğursuz nəticə kimi qeydə alıblar. İki hərəkətin cəmində 178 kq (80 kq + 98 kq) nəticə göstərən Ruslan Rzazadə Avropa birinciliyində 5-ci yerlə kifayətlənib.
Klaypedada keçirilən qitə birinciliyində qızlarımızın debütü uğurlu alınıb. Yaşı 17-yə qədər olan qızların yarışında Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində bürünc medala yiyələnib.
Mərziyyə birdənqaldırma hərəkətində 63 kq və  66 kq ağırlığın öhdəsindən gəlib. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, əvvəlcə 78 kq-ı başı üzərinə qaldırıb. Xanım atletimiz sifariş verdiyi 82 kq ağırlığı yalnız üçüncü yanaşmada ram edib.
İki hərəkətin cəmində 145 kq (63 kq + 82 kq) nəticə göstərən Mərziyyə Klaypedada yığmamıza ilk medal qazandıran idmançımız olub. Mərziyyə Məhərrəmovadan sonra daha bir idmançımız uğur qazanıb.
Yaşı 15-ə qədər olan oğlanların yarışında Rüstəm İmanzadə fəxri kürsünün ən yüksək pilləsinə yer alıb. Birdənqaldırma hərəkətində atletimiz ilk yanaşmasında 95 kq sifarişini uğurla tamamlayıb. Bu çəki ilə Rüstəm birdənqaldırmada qızıl medalı özü üçün təmin edib. Çünki Rüstəmə qədər onun rəqibləri öz çıxışlarını başa vurublar. Atletimiz qələbəsini  daha da möhkəmləndirmək üçün ikinci yanaşmada 103 kq sifariş verib və bu çəki qarşısında aciz qalmayıb. Lakin onun sonuncu cəhddə sifariş verdiyi 108 kq-lıq ştanq atletimiz üçün ağır olub. Təkanla qaldırma hərəkətində idmançımız bu üstünlüyü qorumağa müvəffəq olub. 15 yaşlı ağırlıqqaldıranımız birinci yanaşmada 120 kq-ı ram edərək çempionluğu özü üçün təmin edib. Daha sonra 126 kq və 130 kq-ı da qaldırmaqla Azərbaycan atleti böyük qələbəyə layiq olduğunu sübut edib. İki hərəkətin cəmində 233 kq (103 kq + 130 kq) nəticə nümayiş etdirən Rüstəm İmanzadə, ən yaxın izləyicisini 26 kq  qabaqlayaraq, 62 kq çəki dərəcəsində Avropa çempionu tituluna yiyələnib. Qeyd edək ki, Rüstəm bu yarışa qədər 3-cü Beynəlxalq Rumi Uşaq İdman Oyunlarının qızıl medalçısı olub. Bundan başqa, o, Azərbaycan kubokunun qalibi, yeniyetmələrin dünya birinciliyində 5-ci yerin sahibi,  yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. 
Litvada mübarizəyə qoşulan idmançılarımızın medal sorağı bununla bitməyib. Belə ki, 53 kq çəki dərəcəsində çıxış edən Gülçin Əlizadə yaşı 17-yə qədər olan idmançılar arasında öz qüvvəsini uğurla sınayıb.
Birdənqaldırma hərəkətinə 67 kq çəkini ram etməklə başlayan atletimiz bu çəkini ikinci cəhddə başı üzərinə qaldırıb. Təmsilçimiz sonrakı sifarişdə 70 kq çəkinin öhdəsindən gələ bilməyib. Lakin bu, Gülçinin bu hərəkətdə üçüncü yer tutmasına mane olmayıb. Təkanla qaldırma hərəkətində də idmançımız təşəbbüsü əldən verməyib. İlk olaraq sifariş verdiyi 83 kq ağırlığı ikinci yanaşmada ram edən xanım ağırlıqqaldıranımız, sonuncu cəhddə 91 kq nəticə üçün podiuma çıxıb. Gənc idmançımız bu çəkinin öhdəsindən gələcəyi təqdirdə, təkanla qaldırmada qızıl, iki hərəkətin cəmində isə gümüş medala layiq görüləcəkdi. Lakin 91 kq çəki üçün qüvvəsini səfərbər edən ağırlıqqaldıranımız bu çəkinin öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Gülçin Əlizadə milli komandamızın aktivindəki medalların sayını artırıb. O, iki hərəkətin cəmində 150 kq ( 67 kq + 83 kq) nəticə göstərərək  Avropa birinciliyinin bürünc medalına yiyələnib.
Yaşı 17-yə qədər olan qızlar arasında 58 kq çəki dərəcəsində mübarizə aparan atletimiz Kseniya Vişnitskaya körpücükdə medalsız qalıb. Birdənqaldırma hərəkətində əvvəlcə 70 kq-ı ram edən Kseniya, növbəti sifariş etdiyi 73 kq-ı yalnız iki cəhddə qaldıra bilib. Bu nəticə ilə o, bu mərhələni  4-cü pillədə başa vurub.
Təkanlaqaldırmada isə atletimiz birinci sifariş verdiyi 85 kq-ı yalnız üçüncü yanaşmada qaldıra bilib. İki hərəkətin cəmində 158 kq (73 kq + 85 kq) nəticə göstərən Keseniya Vişnitskaya yarışları 5-ci yerdə tərk edib.
Klaypedada keçirilən ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. Yarışlara sentyabrın 9-da yekun vurulacaq. Qeyd edək ki, Avropa birinciliyində ölkəmizi hakim qismində Oruc Məmmədli və Vahid Nəzərov təmsil edirlər.