Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir. Sərbəst güləşçimiz Əliabbas Rzazadə (57 kq) debütdə Almaniya təmsilçisinə qalib gəlib. Ə.Rzazadə daha sonra Tacikistan güləşçisinə aman verməyib. Dörddəbir finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Hindistan idmançısı ilə olduqca gərgin idman mübarizəsi şəraitində keçən görüşdə isə xalların keyfiyyəti güləşçimizi finala daşıyıb. Noyabrın 6-da həlledici görüşdə Qırğızıstan güləşçisi ilə üz-üzə gələn həmyerlimiz mübarizədən qalib ayrılmaqla dünya çempionu olub.
Təmsilçimiz Zirəddin Bayramov (65 kq) rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Z.Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Ancaq dörddəbir finalda rusiyalı rəqibinə uduzub. Təmsilçimiz noyabrın 6-da təsəlliverici görüşə çıxıb və Özbəkistan güləşçisini mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan idmançısına heç bir şans tanımayan Z.Bayramov tam üstünlüklə qələbə qazanaraq dünya üçüncüsü olub.
Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Murad Yevloyev startda ukraynalı həmkarını üstələyib. Gürcüstan pəhləvanını "tuşe" ilə mübarizədən kənarlaşdıran M.Yevloyev dörddəbir finalda Tacikistan güləşçisinə qalib gəlib. Ancaq yarımfinalda bir ay əvvəl Osloda böyüklər arasında dünya çempionatında gümüş medal qazanmış Qırğızıstan idmançısına məğlub olub. Bürünc medal uğrunda görüşdə isə minimal fərqlə iranlı həmkarına uduzub.
Güləşçimiz Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində Monqolustan idmançısından güclü olub. Ə.Aşırov səkkizdəbir finalda Ukraynadan olan rəqibini məyus edib. Təmsilçimiz növbəti mərhələdə İsveçrədən olan həmkarına heç bir şans tanımayıb. Ancaq yarımfinalda Rusiya təmsilçisi keçilməz olub. Güləşçimiz bürünc medal uğrunda görüşdə iranlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.
Sərbəst güləşçimiz dünya çempionatının qalibi oldu