Azərbaycan Üzgüçülük Federasiyasının icraiyyə komitəsinin yığıncağı keçirilib. Tədbirdə federasiyanın baş katibi, icraçı direktoru və mətbuat katibinin, o cümlədən üzgüçülük və su polosu üzrə milli komandaların baş məşqçilərinin müəyyənləşməsi və cari məsələlər müzakirə olunub. Federasiyanın prezidenti Xanlar Fətiyev bacarığı və çalışqanlığı ilə seçilən, əvvəlki illərdə federasiyanın fəaliyyətinə töhfə vermiş Fərid Bənənyarlının namizədliyini irəli sürüb və təklif icraiyyə komitəsinin üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Komitə üzvləri federasiyanın texniki direktoru Kamran Hüseynovun, mətbuat katibi Məqsəd Rəhimovun, milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun, su polosu üzrə komandanın baş məşqçisi Azər Babayevin də namizədliklərini təsdiqləyiblər.
Yığıncağın ikinci hissəsində komitə üzvləri federasiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üçün tədbirlər planını müzakirə etdilər. İcraiyyə komitəsi görülən işlərin müzakirəsi və perspektivləri müəyyənləşdirmək məqsədilə rübdə bir dəfə geniş tərkibdə görüşlər keçirməyi qərara alıb.
Xanlar Fətiyev qeyd edib ki, ötən dövrdə görülən işlər qənaətbəxş hesab olunsa da, qarşıdakı illərdə federasiyaya daxil olan su idman növlərinin hər biri üzrə böyük inkişafa nail olmaq ən vacib hədəflərdir: “Biz federasiya olaraq Azərbaycanda su idman növlərinin kütləviliyinin artırılması, peşəkar idmançıların müəyyənləşdirilərək milli komandalar üçün yetişdirilməsini prioritet hesab edirik. Əsas məqsədimiz regionlarda su idman növlərinə marağı artırmaqdır. Bunun üçün təkcə Bakı və Bakıətrafı şəhər və rayonlarda deyil, digər bölgələrdə də su idmanı növlərinin inkişafına nail olmaq istəyirik”.
Federasiyanın vitse-prezidenti, Su İdmanı Sarayının direktoru Elçin Həsənov fəaliyyətin daha da genişləndirilməsi üçün aidiyyəti qurumların birgə əməkdaşlığının vacibliyindən danışıb.
İcraiyyə komitəsinin üzvü, Əməkdar idman xadimi Şamil Əbdürəhmanov Azərbaycanda üzgüçülüyün inkişafı tarixindən danışıb, son illər federasiyanın dəstəyi ilə yetişdirilən yerli üzgüçülərin beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etdiyini və yaxşı nəticələr göstərdiklərini vurğulayıb: “Son illər federasiya tərəfindən böyük işlər görülüb. Artıq yaxşı bazamız var. Burada idmançıların tam yetişdirilib, püxtələşməsi üçün lazımi şərait yaradılıb. Əl-ələ verib Azərbaycanda su idman növlərini beynəlxalq səviyyədə inkişaf etdirmək üçün çalışmalıyıq”.
Yeni vəzifəyə təyin olunanlar göstərilən etimada görə minnətdarlıqlarını bildirib, var gücləri ilə çalışacaqlarına söz veriblər.
Sonda yaxın vaxtlarda keçiriləcək yarışlar, komandaların hazırlıq prosesləri və digər texniki məsələlər müzakirə olunub.