“İlk növbədə, mənə göstərilən etimada görə, federasiyanın üzvlərinə minnətdarlığımı bildirirəm. Güləş ailəsinin üzvü olmaqdan qürur duyuram”.
Bu sözləri dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının yeni prezidenti seçilmiş Mikayıl Cabbarov səsvermədən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, güləşçilərimiz dünya və qitə miqyaslı yarışlarda uğurla çıxış edib, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırırlar. “Güləş üzrə Avropa, dünya və Olimpiya çempionlarımız var. Çalışacağıq ki, güləş idman növünün kütləviliyini daha da artıraq. Hər idman növündə Olimpiya Oyunlarında yüksək nailiyyət əldə etmək əsas hədəfdir. Azərbaycanın ənənəvi idman növü olan güləş üzrə qızıl medalın qazanılması əsas məqsədlərdəndir. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Mikayıl Cabbarov qısa müddətdə federasiyanın icraiyyə komitəsinin yeni tərkibinin formalaşdırılacağını, daha sonra fəaliyyət planının idman ictimaiyyətinə təqdim ediləcəyini bildirib.
Mikayıl Cabbarov: “Çalışacağıq ki, güləş idman növünün kütləviliyini daha da artıraq”