Keçirilən məşqlər uşaqlar üçün maraqlı olmalıdır

Keçirilən məşqlər uşaqlar üçün maraqlı olmalıdır

Hər hansı bir idman növü üzrə yüksək peşəkar məşqçi olmaq üçün ancaq ali təhsil alıb, diplom əldə etmək kifayət deyil. Bu işin bir tərəfidir. Ali təhsil almaq işin başlanğıcıdır. Əsas işlər bundan sonra başlayır. Ali məktəbdə əldə edilən biliyi, bacarığı təcrübi işdə, həyatda tətbiq etmək lazımdır. Bunun üçün məşqçi, yaradıcılığı ilə yanaşı, bir çox keyfiyyətləri özündə birləşdirməlidir. Bunlardan biri işə həvəs və özünə tələbkarlıqdır. Məşqçi pedaqoqika, anatomiya, idman fiziologiyası, gigiyena, psixologiya və s. kimi elmləri kifayət qədər bilməlidir. O, idman sahəsinə daim yeniliklər axtarmalı, öz işini mükəmməl bilməli, idmançılarda yüksək əhval-ruhiyyə yaratmağı bacarmalıdır.
Unutmaq olmaz ki, təlimdə tərif də olmalıdır, tənqid də. Müşahidələr göstərir ki, bunların hər hansı birinin ifrat dərəcədə olması həm öyrənənə, həm də öyrədənə gec-tez öz mənfi təsirini göstərir. Bunu müəllimim bizə tez-tez deyərdi. O, deyərdi ki, məşq prosesində uşaqların iki əsas vacib məsələni (keçirilən məşqin məqsədi; Məqsədə çatmağın ən optimal, ən əsas yolları) aydın şəkildə dərk edə bilməsindən çox şey asılıdır. Yalnız bu məsələləri həll etdikdən sonra, sözün əsl mənasında məşqçi işə başlaya bilər.
Müşahidələr göstərir ki, müasir güləş məşqləri fəal təlimdə olduğu kimi, məşqdə fəal təlim mühiti yaratmağı, məşğul olanlara bilik və bacarıqları məşqçinin rəhbərliyi altında, lakin bir növ, müstəqil şəkildə əldə etməyə yönəltməyi tələb edir. Bu, idmançıda yarışlarda çətin vəziyyətlərdə öz yerində qapanıb qalmağı yox, idrak və əqli fəaliyyətində işgüzarlığı, mütəhərrikliyi problemli situasiyalardan çıxış yolu tapmaq kimi bacarıqları formalaşdırır. Eyni zamanda, məşğul olanlardan məşqçi-müəllimdən eşitdiklərini, öyrəndiklərini mexaniki təkrarlamaq yox, onu şüurlu dərk edərək öz tənqidi təfəkkür süzgəcindən keçirərək dərindən təhlil edib, müstəqil mühakimə yürütməklə, özünün düzgün saydığı əqli nəticəyə gəlməsini tələb edir.
Gənc məşqçi-müəllimlərimizin yüksək dərəcəli idmançılar yetişdirməsi üçün onların öz işlərinə sonsuz həvəsi, mükəmməl biliyi, uşaqlarla işləmək bacarığı, tələbkarlığı və bir çox vacib keyfiyətlərə malik olmalıdırlar. Məşqçi-müəllimlər unutmamalıdırlar ki, onların uşaqlarla ilk tanışlıqlarından da çox şey asılıdır. Bunu nəzərə alaraq məşqçilər mədəni davranışları, uşaqlara qarşı mehriban münasibətləri ilə onlarda özünə qarşı müsbət duyğular yaratmağa çalışmalıdırlar.
Əlbətdə, bununla da məşqçilər ilk növbətə öz işlərində az da olsa peşə bacarıqlarından istifadə etmiş olurlar.


 

"İlk dəfə xalça
üzərinə çıxan hər bir uşaq
yeni bir aləmə qədəm qoyur”


Əgər məşqçi öz işini müasir tələblər səviyyəsində qurub, təlimin qarşısında duran məqsəd və vəzifələrə tam nail olmaq istəyirsə, o, daha geniş keyfiyyət, bacarıq və vərdişlərə malik olmalıdır. Hər bir məşqçi unutmamalıdır ki, uşağın bu gün məşğul olduğu hər hansı bir idman növü üzrə məşq onun həyatının yalnız bir hissəsidir. Uşaq məşq müddətində obyektə çevrilib, "sıxılmış” vəziyyətdə qalmamalıdır. O, sərbəst, fəal, açıq, hər şeylə maraqlanan, yaradıcı, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırılmalıdır. Bu zamanın tələbidir.
Məşqçi təşəbbüskar olmalı, yeniliklərdən, qeyri-standart fikirləşməkdən qorxmamalı, daim öz üzərində çalışmalıdır. O, yetirmələri ilə birlikdə öyrənməli, onların müstəqil fəaliyyətlərinin planlaşdırılmasına köməklik etməli, şəxsi yaradıcılıqlarını həmişə qiymətlədirməlidir.
Fiziki yükün verilməsində məşğul olanların potensial imkanları nəzərə alınmalı və hər bir uşağa verilən yük, onun gücü çatacaq dərəcədə olmalıdır. Burada idmaçıların yaşı, cinsi, ümumi fiziki hazırlığı, həmin vaxt onların durumu və başqa amillər nəzərə alınmalıdır. Məşqçi-müəllimlər daim çalışmalıdırlar ki, keçirilən məşqlər uşaqlar üçün maraqlı olsun. Onlar hər məşqdə nəsə bir yenilik tapsınlar və bu yeniliklərdən zövq alsınlar. Bunun üçün məşqçilər bütün yeniliklərlə maraqlanmalı, keçirilən yarışları izləməli, seminarlarda iştirak etməli, yığma komandaların məşqlərində olmalı, məşqlərdə metodiki vasitələrdən istifadə etməli, nəzəri biliklərini daim artırmalıdırlar. Məşqçilər məşqlərin maraqlı keçirilməsi üçün bütün bilik və bacarıqlarını sərf etməklə məşğul olanların maraq dairəsini genişləndirməli, onlarda məşq üçün şən əhval-ruhiyyə yaratmalıdırlar.

Hər bir məşq yüksək səviyyədə təşkil edilməli, lazımi tələbkarlıqla keçirilməli, məşqdə "özünəməxsus” komandalar və düzgün olmayan ifadələr işlədilməməlidir. Verilən komandalar və ifadələr uşaqlarda müsbət emosiyalar yaratmalıdır. Çünki bütün bunlar uşaqların məşqdə fəallığını artırır, onlarda xoş əhval-ruhiyyə yaradır. Əksinə, məşqlərdə eyni ifadələrin və komandaların dönə-dönə, yerli-yersiz işlədilməsi onların əhval-ruhiyyəsini aşağı salır, fəallığını azaldır, idmançının məşq etməyə həvəsi qalmır. Bunun nəticəsində uşaqlar verilən tapşırıqları çox həvəsiz yerinə yetirirlər. Qeyd edim ki, bu problemlər ibtidai hazırlıq qruplarında (İHQ) özünü daha çox biruzə verir. Bu qruplarla işləyən məşqçilərə daha səbirli, uşaqlara qarşı diqqətli və mehriban olmaları məsləhət görülür.
Məşqçilər unutmamalıdırlar ki, ilk dəfə xalça üzərinə çıxan hər bir uşaq yeni bir aləmə qədəm qoyur. Yeni mühit fiziki və psixoloji cəhətdən tam bərkiməmiş uşağa müxtəlif cür təsir göstərə bilər. Belə ki, güləşməyə böyük arzu və istəklə gələn uşaq məşqçinin kiçik bir diqqətsizliyi və yaxud səhvindən tez bir zamanda məşqdən uzaqlaşa bilər. Məhz buna görə də, məşqçilər idmanla yenicə məşğul olmağa başlayan uşaqlara daha çox diqqət göstərməlidirlər.



 

Məşqçilər qrupda elə abu-hava
yaratmağa
çalışmalıdır ki...


Keçirilən məşqlər elə tamamlanmalıdır ki, məşğul olanlar məşqdən sonra özlərini çox yorğun, halsız, sönük hiss etməsinlər, qıvraq və şən əhval-ruhiyyədə olsunlar. Bunun üçün məşqin tamamlayıcı hissəsində qısa müddətli çox az fiziki qüvvə tələb edən, uşaqlarda şən əhval-ruhiyyə yarada bilən mütəhərrik oyunların keçirilməsi məsləhət görülür.
Məşqçi-müəllimlər unutmamalıdırlar ki, bu gün onlardan çoxsahəli bilik və bacarığa sahib olmaq tələb olunur. Bura tərbiyə, idarə, rəhbərlik etmək bacarığı, nitq mədəniyyəti, geniş təfəkkür, dinləmək, müşahidəçilik, möhkəm yaddaş, proqnozvermə bacarığı və s. daxildir. Bütün bunlarla yanaşı, məşqçi-müəllim pedaqoq, psixoloq olmalı, öz işinin nəzəri və praktiki tərəflərini yetərincə bilən, işini ürəkdən sevən, daim yeniliklər axtaran, məsuliyyətli bir insan olmalıdır.
Lakin etiraf etmək lazımdır ki, ənənəvi təlimdən fərqli cəhət kimi göstərdiyimiz fəal təlim metodunun bəzi ünsürlərini ancaq bununla məhdudlaşdırmaq olmaz. Uşaqlara bütün bununla yanaşı, daha yeni yanaşmalara daha müasir bilik, bacarıq və vərdişlər aşılamaq tövsiyə edilir.
İnamla demək olar ki, idman məktəblərində məşqçilərin hər bir uşağa qayğı ilə yanaşması onların valideynlərilə daim əlaqə saxlanması, təhsil aldığı ümumtəhsil məktəbləri ilə idman məktəbləri arasında münasibətlərin, görüləcək bu çətin işin bünövrədən demək olar ki, düzgün qurulmasından xəbər verir.
İdman məktəblərində məşqçinin qarşısında duran əsas məsələlərdən biri də qrupda məşğul olanların hər birinin dərindən öyrənilməsidir desək, səhv etmərik. Bunun üçün hər bir məşqçi ilk gündən uşaqlarla tanışlığında onların sağlamlıqlarını, yaşadığı ünvanı, hansı məktəbdə təhsil aldığını, necə oxuduğunu və bir çox məsələləri bilməsi vacibdir.
Məşqçilər təlimin birinci ilindən qrupda elə abu-hava yaratmağa çalışmalıdır ki, burada hər bir uşaq özünü tənha hiss etməsin, rahat və inamlı hiss etsin, yoldaşları ilə ünsiyyət qurmağı bacarsın, məşqçiyə sual verməkdən çəkinməsin. Məşqçi isə öz növbəsində sadə və təvazökar olmaqla bərabər yetirmələrini də bu ruhda tərbiyə etməyə çalışmalıdır. Eyni zamanda ən vacib məsələlərdən biri də uşaqların çatışmayan cəhətlərini, buraxdıqları səhvləri, onlara elə bir formada çatdırmalıdır ki, uşaqlar bu iradlardan utanmasınlar, ondan nəticə çıxarmağı bacarsınlar.

Keçirilən məşqlərə gəldikdə isə məşqçi hər bir məşqi biri-birindən maraqlı keçməyə çalışmalı, uşaqları düzgün qiymətləndirməli, hər bir uşağın sevimlisinə çevrilməyə çalışmalıdır.
Əlbətdə, bunu da unutmaq olmaz ki, bütün sahələrdə olduğu kimi idman məşqlərində də tələbkarlıq vacib məsələlərdəndir. Lakin məşqçilər onu da unutmamalıdırlar ki, onlar tələbkarlıqları ilə bərabər güzəştə getməyi də bacarmalıdırlar. Təkcə onu demək kifayətdir ki, bu tədrisdə şüurlu dərk etmədə vacib vasitə sayıla bilər.
Xüsusilə qeyd etmək lazımdır ki, həyatın bütün sahələrində olduğu kimi, idmanda da əsas məqsəd məşğul olanların hər birinin sağlamlığıdır. Əlbətdə bunun üçün uşaqların gündəlik həyat rejimi və bu rejimə hər bir uşağın əməl etməsi tövsiyə edilir. Bunlara isə öz növbəsində məşqçilərin nəzarət etməsi vacibdir.
Hər bir idman məktəblərində eləcə də orada işləyən məşqçilərin tədbirlər planında valideynlərlə görüşlər və açıq məşqlərin keçirilməsi planlaşdırılmalıdır. Əlbətdə unutmaq olmaz ki, məşhur idmançılarla (Avropa, dünya, Olimpiya çempionları) uşaqların maraqlı görüşlərinin təşkil edilməsi, onlarla ünsiyyətdə olması, birlikdə şəkil çəkdirmələri, onlardan avtoqraf alması, hər bir uşağın həyatında unudulmaz anlar kimi yaddaşlarında qalır.
UGİM-nin əsasnaməsinə əsasən məktəbdə məşğul olan uşaqlar tədris ili ərzində iki dəfə həkim müayinəsindən keçirilməlidir və bu müayinənin nəticəsi hər bir idmançının qeydiyyat kitabçasında qeyd edilməlidir.
Bütün bu sadaladığımız keyfiyyət, bacarıq və tövsiyələrə yiyələnmədən məşqi tələb olunan səviyyədə təşkil edib keçmək və yüksək dərəcəli idmançılar hazırlamaq mümkün deyil. Bunun ancaq bir yolu var; çalışdığınız bu gözəl sənəti ürəkdən sevmək, gündəlik öyrədərək öyrənmək, görüb götürmək, təcrübə toplamaq və gündəlik mütaliə etmək.