Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirə bu gün yekun vurulacaq. Turnirin altıncı günündə blits yarışlarının səkkizinci turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Rauf Məmmədov sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır. Rusiya idmançısı Sergey Karyakin isə macarıstanlı Riçard Rapportla qarşılaşacaq.
Rapid turnirinin və blits yarışlarının 7 turunun yekunlarına görə, R.Rapport 20,5 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Ş.Məmmədyarov 19 xalla ikinci, F.Karuana 18,5 xalla üçüncü, S.Karyakin isə 18 xalla dördüncü pillədə yer alıblar. D.Navara 12 xalla beşinci, R.Məmmədov 10,5 xalla altıncı, V.Əsədli 8 xalla yeddinci, V.Anand isə 5,5 xalla sonuncu - səkkizinci yerdə qərarlaşıblar.
Rapid və blits yarışlarının yekununda ən çox xal qazanan şahmatçı memorialın qalibi olacaq.
Blits yarışı 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunur.