AZARKEŞİN QEYD DƏFTƏRİNDƏN...

AZARKEŞİN QEYD DƏFTƏRİNDƏN...

Mobil İsmayılov

 

                                           (yazının əvvəli)

 

Məşhur futbolçuların
uğursuz məşqçilik

taleyi

Dərhal gözümüzün önünə dünya futbol tarixində silinməz iz qoyan əfsanəvi Maradona gəlir. Bu dahi futbolçunun bir-iki oyununa baxmaq kifayətdir ki, onun vəhşi(!) istedadının cazibəsinə düşəsən. Amma sonradan hamı başa düşdü ki, bu futbolçu məşqçilik üçün yaranmayıb. Onu sadəcə adına, şöhrətinə görə baş məşqçi qismində görmək istəyirdilər.
Danimarkalı Mixael Laudrup bir neçə klubda, o cümlədən iki ərəb klubunda çalışsa da, elə də uğur qazana bilmədi.
Dünya şöhrətli futbolçu, 5 dəfə dünya çempionatlarında iştirak etmiş Lottar Matteus Almaniyada istər klub səviyyəsində, istərsə də yığmada fantastik uğurlara imza atmışdır. Lakin futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan Matteusun heç bir uğurları olmadı.
“Karpat Maradonası” adlandırılan George Hacının oynadığı klublarda böyük uğurlara nail olması futbol həvəskarlarına bəllidir. Amma sonradan məşqçilik fəaliyyəti ona heç bir ad-san, şan-şöhrət gətirmədi.
Məşhur futbolçu kimi tarixə düşmüş Artur Zikonun da məşqçilik dövrü uğursuz alındı. Axırıncı iş yeri olan Qətərin “Əl Qaraf” klubunda o, cəmi 1 il qala bildi.
Alan Şirer, Klarens Zeedorf, Tyeri Anri, Frenk Lempard, Filippo İnzaqi kimi ulduz futbolçular əbədi futbol tarixinə düşsələr də, sonradan baş məşqçi qismində özlərini təsdiq edə bilmədilər. Onların da məşqçilik fəaliyyəti sadəcə alınmadı, vəssalam.
Yeri gəlmişkən, bizim İqor Ponomaryovu da uğursuz məşqçilər siyahısına daxil etmək olar. Həmyerlimiz harada işləyibsə, özünü doğrultmayıb və yaxşı nəticələr əldə edə bilməyib.
Beləliklə, “futbol magistiraturasını” əla bitirənlərdən “yaxşı müəllim” çıxmadığını qəbul etməliyik. Futbol olimpinin zirvəsini fəth edənlər nədənsə uğurlu məşqçilərə çevrilə bilmirlər. Yəqin ki, bu da bir tale işidir.


 
Dünənki işinə
görə təşəkkür
edirik! Bəs,
bu gün?!

Artıq müəyyən titullar qazanmış təcrübəli məşqçinin bir də görürsən yeni klubunda növbəti mövsümdə işi bəyənilmir. Həm keyfiyyət baxımından, həm də nəticə baxımından. Tezliklə belələrinin məşqçilik qabiliyyətinə dodaq büzən azarkeşlər çoxalmağa başlayır. Və yaxud bir mövsüm şöhrətin üst qatına yüksələn, böyük uğur qazanan məşqçi növbəti mövsüm gözlənilmədən çətinliklərlə üzləşir və futbol həvəskarlarını çaş-baş salır. Hətta belə demək mümkünsə, mövsümü hörmətindən, şöhrətindən xərcləyir. Nəticədə komandanın rəhbərliyində, mütəxəssislərdə, azarkeşlərdə ən azından belə fikirlər yaranmağa başlayır ki, baş məşqçi təsadüfdən parlamışdır, elə bir istedad sahibi də deyildir və ümidverici təsir bağışlamır. Və təbii ki, məşqçiyə qarşı iradlar, ittihamlar başlayır. Sanki belələrinə demək istəyirlər ki, keçmişini bilirik, əvvəlki titullar bəllidir, dünənki işinə görə sağ ol. Bəs, indi?!
Məşqçi anlamalıdır ki, azarkeşlərə yeni uğurlar təqdim etməlidir. Çünki insanlar artıq köhnəlmiş nailiyyətlər haqqında nə qədər danışacaqlar ki?... Məşqçi bilməlidir ki, əvvəlki titullara arxayın olmaqla məşqçilik vəzifəsini qoruyub saxlamaq indi mümkün deyildir. Əvvəlki şöhrətin üstünə yeni şöhrət gətirməlidir. Artıq yeni səs-küy yaratmalıdır.
Ən yüksək mərtəbədə olan baş məşqçilərin sonradan uğursuzluğa məruz qalmalarına dair bir neçə nümunə göstərmək istəyirəm.
2000-2001-ci il mövsümündə Klaus Topmüller Leverkuzenin “Bayer” komandasını Almaniya bundesliqasında ikinci yerə, eləcə də ÇL-nın finalına gətirib çıxardı. Əslində ölkə çempionluğunu “Bayer” son turda əldən vermişdi. Finalda alman komandası “Real”ın ulduzlardan ibarət klubuna uduzsa da, futbol həvəskarlarının, mütəxəssislərin diqqətini cəlb etdi. Lakin növbəti mövsüm bu komandadan əsər-əlamət qalmadı. Hətta klub bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşdi. Ona görə də Topmüller 2003-cü ildə istefaya göndərildi. Halbuki bu məşqçi bir il əvvəl Almaniyanın ən yaxşı məşqçisi seçilmişdi.
Con Benjamin Toşak Madrid “Real”ı ilə çempionluq yaşamışdı. Amma Lənkəranın “Xəzər” komandasında uğur qazanmadı və təbii ki, məşqçi kimi də qala bilmədi. Tanınmış məşqçi Mustafa Dənizlinin də Lənkəranda işi alınmadı və o da ümidləri doğrultmadı.
Mənim də kifayət qədər yaxşı mütəxəssis hesab etdiyim və rəğbət bəslədiyim Mirça Luçesku Türkiyə yığmasına baş məşqçi təyin olunanda nədənsə ehtimal etdim ki, onun millidə uğurlu fəaliyyəti baş tutmayacaq. Belə də oldu. Rumın məşqçi yığmada tab gətirmədi. 2017-ci ilin sentyabrında Türkiyənin öz meydanında gözlənilmədən 0:3 hesabı ilə məğlub olmasının günahı birbaşa Luçeskunun ayağına yazıldı. Belə ki, baş məşqçi heyəti formalaşdırarkən heç də birmənalı qarşılanmayan şəxsi münasibət amillərinə üstünlük vermişdi. Bundan başqa adlardan çəkinmə ehtimalı da istisna olunmurdu. Hər bir halda olduqca məsul oyunda Əmrə, Arda və həmin ərəfədə elə də yaxşı formada olmayan Burak Yılmaz start heyətində meydana çıxmalı deyildilər. Ümumiyyətlə, Luçesku sırf klub məşqçisidir. Və mən onu hər hansı bir yığmaya böyük uğur gətirən məşqçi hesab etmirəm. Mənə elə gəlir ki, o, özü də bunu bilir və həmişə milli yığmalarda işləməkdən imtina edir. Türkiyə yığmasının sükanı arxasına keçməyin də yanlış addım olduğunu zaman tezliklə göstərdi. Luçesku səhv addım atdığını özü də etiraf etdi və qardaş ölkənin yığmasından ayrıldı.
Arsen Vengerin möhtəşəm məşqçilik marafonu görün neçə illər davam etdi. Amma vaxtı gələndə, o da getməli oldu.

İtaliyalı mütəxəssis Klaudio Ranyeri heç kimin gözləmədiyi halda “Lester Siti”ni İngiltərə Premyer liqasında çempionluğa gətirib çıxardı. Lakin növbəti mövsüm nə Ranyeri özünə bənzəyirdi, nə də onun rəhbərlik etdiyi komanda. “Qara zolaq”dan çıxa bilməyən italiyalı məşqçi istefaya göndərildi. Onun İngiltərədəki sonrakı fəaliyyəti də uğursuz alındı və o, vətəninə döndü. 2018-2019 mövsümündə “Roma”nı çalışdıran Ranyeri özünü təsdiq edə bilməyərək, bu klubdan da ayrılmalı oldu. Hazırda o, yenidən İngiltərədədir və təhlükəli zonada olan “Uotford”un baş məşqçisidir.
“Tottenhem”in sabiq baş məşqçisi portuqaliyalı Nunu Eşpritu Santu 2021-ci ilin noyabrında komandadan ayrılarkən çox emosional bir müsahibə vermişdi: “Premyer liqada “Tottenhem” əla start götürdü və liderliyə yüksəldi. Və mən oktyabr ayının ən yaxşı məşqçisi seçildim. Noyabr ayında isə istefaya göndərildim. Bəli, indi futbol belə amansız olub. Ayın məşqçisi sonra da istefaya göndərilir”.
Məşhur ispan mütəxəssisi, mənim də həmişə fəaliyyətinə xüsusi önəm verdiyim Rafael Benitesin də hazırda “Everton”da işləri yaxşı getmir. Artıq ona da vaxt verilib. İşləri qaydaya düşməsə, komandadan ayrılacağı ehtimal olunur.
Təqdimata ehtiyacı olmayan, peşəkar klub məşqçiləri Massimiliano Alleqri və Joze Mourinyodan da hazırda “Yuventus” və “Roma” azarkeşləri də narazılıqlarını gizlətmirlər.
Bu yaxınlarda adlı-sanlı hollandiyalı mütəxəssis 74 yaşlı Dik Advokat da 6 oyundan 4 xal toplamış İraq millisindən istefa verdi.
Lap elə bu günlərdə “Beşiktaş”la böyük uğurlar qazanmış Sergen Yalçın komandanı böhrandan çıxara bilmədiyinə görə istefaya göndərildi.
Bəzi məşqçilər xüsusi çəkiyə malik olsalar da və işlədiyi klublarda davamlı uğurlar qazanmalarına baxmayaraq, yeri gələndə,vaxtları çatanda, onlar da yola salınırlar.
Məsələn, belə məşqçilərdən olan Karlo Ançelotti heç bir problem yaşamadığı halda gözlənilmədən “Bavariya”dan getdi.
Göründüyü kimi, əgər yüksəliş dövrü, pik mərhələsi varsa, deməli, enmə də olacaq. Bu, qanunauyğunluqdur. Əslində, həyatımızın digər sahələrində də əksər hallarda belə proseslər baş verir. Ona görə də tanınmış futbol məşqçilərinin büdrəməsinə təbii baxmaq lazımdır.


 
Dünəni və bu günü eyni
olan-dəyişməyən Qurban Qurbanov

Dünya şöhrətli məşqçilərdən söz salmışıqsa, bizim Qurban Qurbanovu necə yaddan çıxara bilərik?! Hələ bir neçə il bundan qabaq işıq üzü görən “Qo-o-o-ol!” kitabımda qeyd etmişdim ki, yaxın gələcəkdə Qurban Qurbanov mütləq tanınmış məşqçilərin siyahısına düşəcək. İndi həmin dövr gəlib yetişib. “Qarabağ” futbol komandası bu gün bizim fəxarət qaynağımızdır. Baş məşqçi də komandamızın sükanı arxasında çox inamlı görünür. Bütün problemləri adlamağı bacaran Qurban Qurbanov səviyyəli mütəxəssisdir. Azarkeşlərin ona xüsusi rəğbəti var. Bu, açıq-aydın hiss olunur. O, rəhbərlik etdiyi komandanı dünən də, bu gün də bir ailə kimi formalaşdırmağa nail olub. Mətbuat konfranslarında bir qayda olaraq ehtiyatla danışır. Ehtiyatlı şərhi, davranışı ona əlavə hörmət gətirir. Mən tam haqlı olaraq düşünürəm ki, o, bu gün dünyanın aristokrat məşqçilərindən biridir.

Hər bir məşqçi Avropanın böyük klublarını xəyallarında dolaşdırır. Bəli, bu gün Qurban Qurbanov artıq məşhurlaşaraq Avropada tanınır.



 
Yapışdırılan
yarlıqlar

Futbolda da təbii ki, yapışdırılan yarlıqlar olur. Əslində, bu yarlıqları da, təhlilləri də, ehtimalları da azarkeşlər, mütəxəssislər, idman jurnalistləri düşünüb tapırlar. Elə yarlıqları da onlar yapışdırırlar. Nəzərə alsaq ki, futbol dünyasını işıqlandıran jurnalistlər heç də sadə kontingent deyildir. Ona görə də futbol aləmində şərh edilən məsələlər, problemlər, yanaşmalar nisbidir. Elə həyatda olduğu kimi...

Qoy şansınız üzünüzə gülsün!

Qoy bəxti olmayanlar inciməsin.