Dünya şahmat tacı uğrunda növbəti görüşün iştirakçısını müəyyən edəcək iddiaçılar turniri 2022-ci il iyunun 16-dan iyulun 7-dək Madriddə keçiriləcək. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.
Hazırda altı qrossmeyster namizədlər turnirinə vəsiqə qazanıb. Belə ki, bu siyahıda Azərbaycan təmsilçisi Teymur Rəcəbovla yanaşı, rusiyalılar Serqey Karyakin və Yan Nepomnyaşi, ABŞ təmsilçisi Fabiano Karuana, polşalı Yan Kşiştof Duda, Fransa təmsilçisi Alireza Firuzca yer alıblar. Son iki iştirakçı Qran-Prinin nəticələrinə görə müəyyənləşəcək.
Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına yiyələnib. O, 2014-cü ildə Rusiyada V.Anand, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı, bu il isə Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarışda Rusiya təmsilçisi Yan Nepomnyaşini məğlub edərək, titulunu qoruyub. Dünya çempionu adı uğrunda görüş 2023-cü ilin əvvəlində baş tutacaq.
Növbəti ünvan Madrid