Güləş üzrə milli komandalarımız 2022-ci ilin ilk günlərindən məşqləri bərpa ediblər. Sərbəst güləş üzrə yığmamız yanvarın 15-dək Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinin əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü gündə iki məşq baş tutursa, çərşənbə və şənbə günləri 1 məşq keçirilir. Həmin günlər keçirilən məşqlər açıq havada (əsasən stadionda) reallaşır. Təlim-məşq toplanışı baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edir.
Digər iki millimiz isə bir neçə gündən sonra ölkə xaricinə yollanacaq. Yunan-Roma güləşi üzrə yığmamız yanvarın 10-dan 27-dək Gürcüstan millisi ilə birgə Tbilisidə təlim-məşq toplanışı keçəcək. Qadınlarımız isə yanvarın 12-dən 25-dək Rusiya yığması ilə birgə Krasnoyarskda qarşıdakı yarışlara hazırlaşacaq.
Komandamız toplanış başa çatdıqdan sonra 2022-ci ilin ilk turnirində iştirak edəcək. Belə ki, təmsilçilərimiz yanvarın 26-dan 30-dək Krasnoyarskda keçiriləcək İvan Yarıgin Qran-Prisində mübarizə aparacaqlar.
Pəhləvanlarımız Bakıda təlim-məşq toplanışı keçir