Don Santyaqo - İspaniya futbolunun memarı, vəkil və klub prezidenti

Don Santyaqo - İspaniya futbolunun memarı, vəkil və klub prezidenti

Dünyanın ən nüfuzlu klublarından biri olan İspaniyanın "Real” klubunu hamı tanıyır. Bu komandanın bütün dünyada, eləcə də Azərbaycanda böyük bir fanat ordusu var. Madrid klubu bütün bu uğurlara qısa zaman ərzində yiyələnməyib. "Real”ın keçmişi ilə bağlı araşdırmalar apardıqdan sonra məhz bu qərara gəldik. Klubun dünya şöhrəti qazanması üçün müxtəlif vaxtlarda müxtəlif insanlar ölçüyəgəlməz işlər görüblər. Lakin "Real”ın tarixində elə bir şəxs olub ki, o həm futbolçu, həm də klub prezidenti kimi əvəzsiz xidmətləri ilə dünya futbolu tarixinə öz adını qızıl hərflərlə yazdırıb. Dünyanın məşhur futbolçularının - Di Stefano, Puşkaş, Xento, Munyos və başqalarının ulduzunun parlamasına məhz o imkan yaradıb. Bu şəxs kimdir?
 

Don Santyaqo 
Bernabeu De 
Yeste, yaxud 
əfsanə insan 
 

Santyaqo Bernabeu de Yeste 1895-ci il iyunun 8-də Almanse (İspaniya) şəhərində anadan olub. Atası Xose Bernabeu İbanyes Valensiyanın tanınmış vəkillərindən biri olub. Arvadı Antonia De Yeste Nunyes isə əsilzadə ailəsində anadan olub. Hələ kiçik yaşlarında Santyaqo atası, anası, 3 qardaşı və 1 bacısı ilə birgə Madridə gəlib. O, paytaxtda yerləşən Avqustin San Lorens kollecinə daxil olub. Burada təhsillə bərabər, futbolun nəzəriyyə və qaydalarına da mükəmməl yiyələnib. Bununla yanaşı, o, futbolla məşğul olurdu. Kollecədə yaşıdları arasında savad və fiziki hazırlığına görə örnək olan Santyaqo qapıçı olmağı arzulayırdı. Lakin qardaşı onu mərkəz hücumçusu olmağa sövq edirdi. Kolleci əla qiymətlərlə bitirən gələcək ulduz təhsilini Kardinal Sisneros İnstitutunda davam etdirib. Burada bakalavr təhsili alıb. Amma təhsil futbolu unutdurmayıb. Futbolda xarüqələr yaratmağa qadir olan Santyaqo 1909-cu ildə 14 yaşında Madrid "Real”ının yeniyetmələrdən ibarət komandasına cəlb olunub. Bu, onun ən böyük arzusu idi. Həmin vaxtdan etibarən Santyaqo həm futbol oynayıb, həm də könüllü kimi axşamlar stadionun səliqəsi ilə məşğul olub. Baxımsız və köhnə stadionda hamı çalışırdı ki, abadlıq işinə kömək etsin. Həmin vaxt məşqçilərdən biri Don Pedro Paraxes hətta öz cibindən pul xərcləyib, qapının rənglənməsi üçün boya almışdı. Santyaqo isə qapını rəngləyirdi. O, 17 yaşında (1912/13-cü illər mövsümündə) "Real”ın əsas heyətinə dəvət olunub. Elə həmin mövsümdə İspaniya kubokun və Regional kubokunun qalibi olub. İnstitutu bitirdikdən sonra anasının təkidi ilə ailəsinin yolunu davam etdirib. Madridin Mərkəzi Universitetində vəkil dərəcəsi alıb. Klubda özünəməxsus rolu olsa da, Santyaqo İspaniya millisinin formasını geyinə bilməyib. Hətta sifariş ərizəsinə daxil edilsə də, baş məşqçi sonradan fikirini dəyişib. 33 yaşında 15 illik futbol karyerasını bitirən Santyaqo klubla əlaqəni kəsməyib. O, klubun rəsmi işçilərindən biri olub. Texniki mütəxəssislərdən biri olan Don Xose Berraondonun işini o, davam etdirib. Bir il sonra klubda vəzifələr bir-birini əvəz edib. Artıq 1935-ci ildə Bernabeu "Madrid”də ikinci məşqçi, komandasının səlahiyyətli nümayəndəsi və nəhayət, direktoru seçilib. 


 
Qarışıqlıq futbola da təsir edir 

1936-39-cu illərdə İspaniyada vətəndaş müharibəsi baş verib. Bu müharibə ölkəyə böyük ziyan vurub. Bu qarışıqlıq futboldan da yan keçməyib. Həmin ərəfədə İspaniya çempionatı və rəsmi yarışlar təxirə salınıb. Həmin vaxt Santyaqo Bernabeu CEDA-nın (İspaniya Müstəqil Hüquqlar Konfederasiyası) dayaqlarından biri idi. Buna görə də o, "qara siyahı”ya düşüb və həbs edilməsinə qərar verilib. Bununla əlaqədar ölkənin "milli zonası”nı tərk edib qaçmaq niyyətinə düşüb. Orduda və döyüşdə göstərdiyi şücaətinə görə Ordu Kampaniyasının medalı ilə təltif olunub.
İspaniyada vətəndaş müharibəsi sona çatdıqdan sonra ölkə iqtisadi cəhətdən xeyli zəiflədi. Hər bir sahədə geriləmələr hökm sürməyə başladı. Vəziyyət o qədər çətin oldu ki, futbolun yenidən dirçəlməsi uzun bir müddət çəkdi. Bu müharibə, demək olar ki, daha çox "Real” a zərbə vurmuşdu. Klubun futbolçularını saxlamaq üçün maliyyə vəziyyəti sıfıra enmişdi. Baş vermiş qarışıqlıq zamanı klubun yerləşdiyi bina dağıdılmış, əldə olunan kubok və medallar oğurlanmışdı. Həmin ərəfədə yeni qurulan hökumətdən nəsə istəmək gülünc olardı. Amma ordu rəhbərliyi Madrid "Atletiko”suna, qismən də olsa, pul ödəmişdi. Həmin vaxt klub "Atletiko Aviasiyon” adlanırdı. 1943-cü il sentyabrın 15-də Santyaqo Bernabeu "kral klubu”nun prezidenti təyin olundu. O, ömrünün sonuna qədər (21 iyun, 1978-ci il) klubun rəhbəri oldu. 

 
"Yeni Çamartin” - arzuların ünvanı 

Santyaqo klub prezidenti seçildikdən sonra bir sıra çatışmazlıqları aradan qaldırmağa səy göstərdi, "Yeni Çamartin” stadionunun tikilməsi əsas yerdə dururdu. Bu idman qurğusu həmin vaxt Avropada ən böyük stadion hesab olunurdu. Bernabeu düşünürdü ki, təkcə futbolda bu işi dirçəltmək olmaz. O, özünün "sağ əli” hesab etdiyi Raymundo Saporta ilə birlikdə klubun daxilində basketbol, həndbol, voleybol, tennis və gimnastika bölmələrini yaratdı. Müharibədən sonra yaddan çıxmış mütəxəssisləri həmin bölmələrə dəvət etdi. 1947-ci il dekabrın 14-də "Yeni Çamartın” stadionunun açılışı oldu. Həmin vaxt "Real”la Portuqaliyanın "Belenenseş” klubu arasında yoldaşlıq matçı keçirildi. Gərgin və maraqlı keçən qarşılaşmada ev sahibləri 3:1 hesablı qələbə əldə etdilər. 1952-ci ildə klubun yaranmasının 50 illiyi təntənəli surətdə keçirildi. Santyaqo Bernabeu bu dəfə Kolumbiyanın "Milyonarios” klubunu "Real”la oyuna dəvət etmişdi. Həmin vaxt "köhnə qitə”də "Boqota milyonçuları” barədə heç kimdə məlumat yox idi. Hücüm futbolu oynayan kolumbiyalılar "Real” ı öz meydanında 4:2 hesabı ilə məğlub etdilər. Həmin vaxt rəqibin heyətində çıxış edən Alfredo Di Stefano 4 qoldan ikisinin müəllifi olmuşdu. Bu futbolçu tezilklə Santyaqonun diqqətini cəlb edir. "Sağ əli” hesab etdiyi Raymundo Saportaya bu barədə tapışırıq verir və deyir: "Mən bu futbolçunu öz klubum üçün istəyirəm. Onun kluba keçidi nə qədər pula başa gəlirsə, gəlsin. Ondan əl çəkməyəcəyəm. O, tezliklə "Real”ın formasını geyinməlidir”. Di Stefanoya qədər Pako Xento, Luis Malovna, Xose Santamariya, Migel Munyos, Raymon Kopa, Xose Ektor Rial və Frenç Puşkaş kimi dahi futbolçular bir yerdə çıxış edirdilər. Argentinalı Di Stefanonun kluba gəlişi uğurlu olur.

Ardıcıl qələbələr və Çempionlar 
kubokunda iştirak 

"Real” ardıcılıqla iştirak etdiyi yarışlarda kubokun sayını artırdı. Alfredo Di Stefanonun vurduğu qollar bu uğurun açarı oldu. Nəhayət, gözlənilən an gəlib çatdı. 1955-ci il yanvar ayının 4-də "Real”ın rəhbərliyi arasında iclas keçirildi. "Yeni Çamartin” stadionunun adı dəyişdirilərək "Santyaqo Bernabeu” adlandırıldı. Amma Santyaqo bunun əleyhinə idi. O, şöhrətdən qaçan bir insan olduğunu bununla bir daha sübut etdi. Bundan başqa, o istəmirdi ki, onun üçün ələmətdar olan "Çamartin” tarixə qovuşsun. Lakin hamı: azarkeşlər, klubun rəsmiləri və futbolçular stadionun prezidentin adı ilə adlandırılmasını istəyirdilər. Prezident, sözün əsil mənasında, buna layiq idi. 
 
Bu hadisədən sonra Santyaqonun parlaq ideyaları aşıb-daşmağa başladı. "Real” ın prezidenti bir maraqlı fikirlə kütlənin diqqətini cəlb etməyə başladı. O istəyirdi ki, Avropada keçirilən müxtəlif ölkə çempionatlarının qalibləri, Avropada Çempionlar kuboku uğrunda yarışsınlar. Bunu çoxları qəribə və məntiqə uyğun olmayan fikir kimi qəbul edib müəllifi tənqid etməyə başladılar. Həmin vaxt yalnız 2 nəfər - Fransanın "Lequipe” jurnalının müxbiri Qabriel Ano və macarıstanlı məşqçi Qustavo Seves bu ideyanı məqbul sayırdılar. Qitənin ali futbol qurumu olan UEFA bu yarışı keçirməyə razılıq verdi. Di Stefanonun komandası ilk yarışın qalibi oldu. Artıq hamı "köhnə qitə” də "Real” ı etalon kimi qəbul edirdi. Hətta İngiltərənin "Lids Yunayted” klubu "Real” a olan rəğbətini öz formaları ilə bildirirdi. Britaniyalılar da ağ formada çıxış edirdilər.

 
"Vikinqlər” amansız xəstəliyə mane ola bilmədilər 

Britaniyada dərc olunan "The Times” qəzetində "Real” barəsində yazılırdı: "”Real” Avropanı gəzir. Zamanında vikinqlər də belə gəzirdilər. O da vikinqlər kimi qarşısında olan maneələri darmadağın edir”. Həmin vaxt azarkeşlər Madrid "Real”ını "vikinqlər” adlandırırdılar. 1966-cı ildə "Real” Avropa kubokuna sahib oldu. Futbolun əlifbasını mükəmməl bilən Santyaqo klubla, futbolçularla və azarkeşlərlə qarşılıqlı əlaqəni qura bilmişdi. Don Santyaqo çox ciddi bir şəxs idi. O, göstəriş vermişdi ki, onun maaşını prezident kimi deyil, siravi bir işçi kimi hesablasınlar. Bu, onun son nəfəsinə qədər davam etdi. Xərçəngdən əziyyət çəkən Don Santyaqo klub tərəfindən onun həyat yoldaşına verilən müavinətdən də imtina etmişdi. Xəstəliyinin böhran vəziyyət aldığı dövrdə belə Bernabeu öz ləyaqətini qoruyub saxlayırdı. Evdə otursa da, klubun işini nəzarətsiz qoymurdu. Köhnə kostyumunu geyinib, iclaslara gəlirdi. Hətta evinə gələn qəzeti də poçtalyondan pulunu ödəmədən götürmürdü. Ölümündən əvvəl rəhbərlik onun ad günündə Santyaqoya kostyum hədiyyə vermişdilər. Sonuncu dəfə öz adını daşıyan stadiona gələn Santyaqo Bernabeu fəxri kürsüdə göründü. Onunla sonuncu dəfə vidalaşmağa gələn 120 minə yaxın futbol azarkeşi onu göz yaşları və alqışlarla salamlayırdılar. 1978-ci ildə ona İspaniya Futbol Federasiyasının prezidenti Pablo Porte tərəfindən qızıl və brilyantdan hazırlanmış medal təqdim olundu. Elə həmin il İspaniya kralı Xuan Karlos "Santyaqo Bernabeu”da keçirilən kubokun finalında ona idmanda göstərdiyi xidmətlərinə görə qızıl medal təqdim etdi. Bir ay sonra mədəniyyət naziri Pio Kabanilyas nazirliyin qızıl medalını onun sinəsindən asdı.

Bu mükafatlandırma mərasimindən 5 gün sonra Don Santyaqo uzun sürən xəstəlikdən sonra vəfat etdi. 100 mindən artıq futbol azarkeşi onunla vidalaşmaq üçün yenidən stadiona toplaşmışdı. Bu son görüş idi. Onun cənazəsini doğulduğu Armansa şəhərində dəfn etməyə aparanda bütün şəhər bir yerə toplaşmışdı. İspaniya futbolunun memarı öldüyü gün Argentinada dünya çempionatının açılışı ilə üst-üstə düşmüşdü. Çempionatın ilk günü bütün matçlardan əvvəl onun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. FİFA isə ona görə futbol yarışlarında 3 günlük matəm elan etmişdi.
 
Generalı qovan 
prezident

Santyaqo Bernabeunun həyatı elə də uğurlu olmayıb. Daim münaqişələr və problemlər məngənəsində sıxılan Don Santyaqo hər bir çətinliyin öhdəsindən uğurla gəlib. Hətta onu ölüm hədələri belə sarsıtmayıb. Bernabeu fəaliyyəti dövründə ən ciddi münaqişəli vəziyyəti İspaniya Legionunun generalı Milyon Astrai ilə yaşayıb. General oyunların birində tribunada oturan qonaqlardan birinin xanımına sataşarkən Don Santyaqo bunu görür və generalı stadiondan qovur. Milyan Astrai bildirir ki, tezliklə bu məsələ öz həllini tapacaq. O, don Santyaqonu ölümlə hədələyir. Lakin stadion sahibinin köməyinə Munyos Qrandes çatır. Onlar bir yerdə vətəndaş müharibəsində xidmət etdikləri üçün sonradan yaxın dosta çevrilmişdilər. Digər münaqişə isə Raymundo Saporta adına idman sarayında baş vermişdi. Həmin vaxt keçirilən basketbol matçında "Real” və "Makkabi” (Təl-əviv) üz-üz gəlirdilər. Bu görüşü hər iki tərəfdən yüksək vəzifəli məmurlar izləyirdilər. Matçdan sonra Don Santyaqo Bernabeu öz yaxasından qızıl döş nişanını çıxarıb israilli general Moşe Dayanuya təqdim edir. Bu hərəkət general Fransisko Frankonun xoşuna gəlmir. Bu barədə Franko rəhbərliyə məruzə edir. Buna görə yeni stadionun tikilməsi planı rədd edilir. Halbuki 1973-cü ildə həmin stadionun təməli qoyula bilərdi. Madrid meri Arios Navarro da bu layihəyə mane olanlardan biri olur.
Bütün bunlar futbol dünyasının əfsanələrindən biri olan Don Santyaqo Bernabeunun həyatında baş verib. Hələ nə qədər gizli və heç kimə məlum olmayan məsələlər diqqətdən qaçıb? Bu gun İspaniya futbolu dünyada öz sözünü deyir. Dünya və Avropa çempionları klub kimi də böyük nüfuz sahibidirlər. La Liqa dünyada ən baxımlı çempionatlardan biri və birincisidir. "Real” dünyanın ən güclü futbolçularına malik bir heyətlə çıxış edir. "Santyaqo Bernabeu” yenə də Avropanın ən yaxşı stadionlarından sayılır. Bütün bunlara görə Don Santyaqoya təşəkkürlər etmək lazımdır. İspanlar bunu unutmurlar.


Anar Əhmədov
Don Santyaqo - İspaniya futbolunun memarı, vəkil və klub prezidenti