döyüşçü hazırlamaq üçün istifadə edilib
Sumonun qədim tarixi yapon millətinin yaranma tarixi ilə sıx bağlıdır. Qədim rəvayətlərə görə, Takamikadzutinin adlı tanrı barbarların tanrısı ilə döyüşüb. Takamikadzuti bu döyüşdəki qələbəsi yaponlara indiki Xonsyu adasında məskən salmağa imkan verib. Yaponların milli güləşi üzrə yarışlar haqqında adlı “Zamanların illəri haqqında” yapon povestində söhbət açılır. Burada göstərilir ki, İdzumo əyalətinin sakini Nomino Sukune müasir sumo yarışlarında qadağan olunmuş fəndlə (ayaqla rəqibin qabırğalarına zərbə endirmək) rəqibini məhv edə bilib.
Sumo haqqında ilk tarixi məlumatlar isə VII əsrin ortalarına təsadüf edir. 642-ci ilin 2-ci ayında Koreya səfirinin şərəfinə imperator sarayında döyüşçülərin yarışları keçirilirmiş. Həmin vaxtan bəri imperatorun himayəsi ilə hər il payızda tarla işlərinin bitiməsi ilə əlaqədar yarışlar təşkil olunur. Əvvəllər bu yarışlar daha çox dini məna daşıyırdı. Onlar dini rəqslər, ibadətlər və dini mövzuda tamaşalarla müşayiət olunurdu. Sumo özünün kobud texnikası ilə seçilirdi: döyüş fəndləri boks və güləş elementlərinə bənzəyir, işlədilən fəndlərə, demək olar ki, heç bir qadağa qoyulmurdu. İmperator Xeynanın (790-1185) hakimiyyəti dövründə sumo yarışları müəyyən olunmuş qaydalar çərçivəsində keçirilməyə başlanıb. Yarışları idarə edən hakimlərin də yeni qaydaları meydana çıxıb. Döyüşçülərə rəqibin saçından tutma, ayağı və ya yumruğu ilə rəqibinin başına zərbə endirmək qadağan edilib. Pəhləvanın geyimi yalnız bel bağından ibarət idi. Döyüşçü sülalələrinin güclənməsi və imperator hakimiyyətinin zəifləməsi ilə sumonun məişətdə oynadığı rol da ciddi dəyişikliklərə məruz qalıb. Belə ki,yarışlar dini mənasını itirərək gec-gec keçirilirdi. Yaponiyanı zəiflədən daxili müharibələr Kamakuranın və Muromatinin hakimiyyəti dövründə (1192-1573 illərə təsadüf edilir) sumo fəndləri daha çox döyüşçü hazırlamaq və onu müharibədə tətbiq etmək məqsədi daşıyırdı. O zamanları bizə bu gün sumo hakimlərinin (qyodzi) təmtəraqlı libasları xatırladır.
Müasir sumo öz başlanğıcını Edo dövründən (1603-cü ildən sonra) götürüb. XVII əsrin əvvəlində uzun sürən əyalət müharibələrindən zəifləyən Yaponiyada, nəhayət ki, sülh bərqərar olub. Ticarət üçün gözəl şərait yaradılıb, yeni tacirlər sinfi formalaşmağa başlayıb. Yeni yaranmış təbəqə yeni əyləncələr axtarışında idi. Bu zaman sumo güləşi onların ən sevimli əyləncəsinə çevrilib. Məhz bu dövrdə 70-ə yaxın fənd (rəqibi başı üzərindən atmaq, badalaq vurmaq, itələmək, mürəkkəb qurşaq tutmaq, ayaqdan zərbə və s ) və yeni retual formalaşıb. Yarışların qaydaları təkmilləşməyə başlayıb. Hazırkı güləş ierarxiyası Edo dövrünə təsadüf edib: yokodzuna (böyük çempion) titulu qəbul olunub. İlk dəfə bu titula Akasi Siqanosuke sahib olub. 18-ci əsrin ortalarında Osaka və Edoda (Tokio) ildə 2 dəfə sumo turnirlərinin keçirilməsi ənənə halını alıb. Tarixin Medzi mərhələsində milli Yapon güləşi çətin dövrünü yaşayırdı. 1868-ci ildə dünya özü üçün Yaponiyanı kəşf etdi. Bir neçə minilliklər boyu təcrid olunmuş bu ölkədə yeni cəmiyyət qurulurdu. Lakin yeni cəmiyyət sumonu feodalizmin qalığı hesab edərək bu oyuna marağı azaltmağa çalışırdı. Vasitəçilərin dəstəyindən məhrum olan sumoçular özlərini təmin etmək üçün peşələrindən uzaq olan işlərlə məşğul olmaq məcburiyyətində qalırdılar. Belə ki, 50 sumoçudan ibarət yanğınsöndürən komandası bütün Yaponiyada populyarlıq qazanmışdı. İmperatorun şəxsi dəstəyi və xalqın bu oyuna məhəbbəti sumonu unudulmaqdan xilas edib. Yarışlar bərpa olunub, hətta dünya müharibələri dövründə də bu oyunlara fasilə verilməyib.
həyat tərzi
Sumo döyüşçüsünü “rikisi” adlandırırlar. Bu sözün tərcüməsi “pəhləvan” deməkdir. Həqiqətən də, özünü təsdiq etmək üçün sumoçunun pəhləvan kimi sağlam və dözümlü olması son dərəcə vacibdir. Sumoçunun həyatı ciddi rejimdə və qapalı olur. Təbii ki, sumo ilə həyatını bağlayan cavan adam könüllü olaraq həyatın bir çox əyləncə və məziyyətlərindən imtina etməyə məcburdur. Onun şəxsi həyatı uzun müddət məşqçinin (oyakata) və Sumo Assosiasiyasının nəzərəti altında olur. Sumoçunun əxlaqi və fıziki sağlamlığının qayğısına birbaşa onlar qalırlar. Sumo ilə məşğul olan idmançıya avtomobil sürmək qadağan edilir. Çünki qəza nəticəsində sumoçu həyatını təhlükə qarşısında qoya bilər. Sərt rejimi pozan və ya hər hansı xoşəgəlməyən əxlaqa zidd hərəkətə görə idmançı dərhal sumodan uzaqlaşdıra bilər. Maraqlıdır ki, bu məsələdə tanınmış döyüşçülərə də güzəşt edilmir. Qeyd edək ki, sumo aləmində tanınmış ozeki Takahanada (hazırda oyakata Takanoxana) Rie Miyadzava adlı aktrisa ilə nişanını pozduğuna görə Assosiasiya qarşısında çətinliklə bəraət qazana bilmişdi. Sumonun qaydalarına görə, rikisinin (pəhləvan) adı heç bir vəchlə ləkələnməməlidir.
ad verilirdi?
Sumoçulara verilən adlar haqqında xüsusi qeyd etməliyik. Belə ki, özünə ləqəb seçən idmançı uzun illər gələcək taleyini təmin edəcəyinə inanır. Öz soy adı altında çıxış edən idmançılar yalnız yeni fəaliyyətə başlayan sumoçulardır. Sumoçu üçün keçmiş dahi pəhləvanların adlarını daşıması böyük məsuliyyət tələb edir . Bu şərəfə nail olmaq hər rikisiyə müyəssər olmur. Məsələn, yokodzuna (böyük çempion) Takanoxananın adı idmançıya atasından (hazırda oyakata Futaqoyama) irsən keçib. Onun qardaşının adı (keçmiş yokodzuna Vakanoxana) irsi olaraq doğma əmisindən keçib. Takaxanada və Vakaxanada adı altında çıxış etmək üçün qardaşlar bir neçə yarış keçirməli olublar.
Rikisilərin adlarının bir çoxunda heroqliflərə rast gəlmək mümkündür: “yama” (dağ), “umi” və ya “kay” (dəniz), “sima” və ya “dzima” (ada), “xana” (çiçək), “vaka” (gənclik), “taka” (yüksəliş), “koto” (milli musiqi alətinin adı), “nisiki” (evə qalibiyyətlə dönmək), “toçi” (yapon şabalıdı) və s. Sumoçuların adlarını xarici dillərə tərcümə etmək mümkün deyildir.
Döyüşçünün şəxsi evi olmur, onun ailə üzvlərini gecə və gündüz bir yerdə olduğu məktəb yoldaşları əvəz edir. Sumoçular günəşin çıxması ilə (qış mövsümündə isə ondan daha tez ) oyanır və dərhal (səhər yeməyi, nahar və günorta istirahəti istisna olmaqla) yorucu və monoton məşqlərə başlayırlar. Yarışlarda yaxşı iştirak etmək üçün onlar əzələ və piy qatını artırmalıdırlar. Oyakatanın qarşısına qoyduğu əsas məqsəd idmançını düzğün qaydada lazımi ölçüyə və yüksək idman formasına çatdırmaqdır.
Sumoçuların xarici görünüşünə nəzər salanda onların 200 kq-a malik yöndəmsiz və kök insanlar olduğunu görmək olar. Lakin bu, heç də belə deyil. Əlbəttə, yuxarıda qeyd edilən kütləni -200 kq-ı aşan atletlər də var, lakin onlar azlıq təşkil edirlər.
Cavan sumoçunun döyüş çəkisi 135-175 kiloqram arasındadır. Adətən, döyüşçü oyunu bitirdikdən sonra onlarla kiloqram çəki itirir. Hətta bəzən döyüşü şərh edən ekspert də ağırçəkili atleti döyüşdən sonra tanımaya bilər. Əlbəttə, bədənin quruluşu irsi keyfiyyətdir, lakin bəzən təbiəti “aldatmaq” olur. Əgər əzələni uzun-müddətli məşqlər nəticəsində gücləndirmək olursa, bədənin piyini on illərlə düzgün pəhriz saxlamaqla artırmaq mümkündür.
Rikisi gün ərzində 2 dəfə qidalanır. Sumoçunun qəbul etdiyi hər cür qida tyanko adlanır. Tyankonun resepti hər məktəbdə sirr kimi qorunur. Yemək vaxtı bütün döyüşçülər bir yerə yığışır. Qida böyük qazanda bişirilir. Ət, balıq, bir sıra dəniz ərzaqları və orqanizm üçün xeyirli olan digər ərzaqlar bir qazanda qaynadılır. Hazırlanmış yeməyi qazandan birinci yokodzuna, ozeki və sekivake ( təcrübəli döyüşçülər) götürürlər. Cavan döyüşçülər isə onlardan sonra qazana yaxınlaşa bilərlər. Gün ərzində pəhləvan 1 kq tyanko və yarım kiloqram düyü qəbul edir. Qidanın bədənə düzgün paylanması üçün sumoçu günorta vaxtı yatmalıdır. İstirahət etmiş və gümrahlaşmış rikisi özünü yorana qədər müxtəlif fəndləri oyrənərək, ağrılı və əzablı məşqlərini gün batana qədər davam etdirir. Sumo atletdən ayaq üstə möhkəm dayanmağı, elastikliyi (yüksək səviyyəli sumoçu şpaqat otura bilir), inadkarlığı, ildırım sürətli reaksiyanı, hərəkətinin əlaqəli olmasını tələb edir. “Boksçu armudu”nun rolunu sumoçu üçün yerə basdırılmış tir oynayır. Bəzən tərəf-müqabildən də istifadə olunur. Xüsusən “otağın” ən güclü döyüşçüsünün iştirakı ilə aparılan məşğələlər daha keyfiyyətli olur. Bütün idmançılar bir-bir məşq meydançasına qalxıb, güclü pəhləvanı xalçadan sıxışdırmağa cəhd göstərirlər. Bu cür məşğələ “sinə ilə itələmək” adlanır.
Gənc döyüşçülərə məşq prosesinə qoşulmaq çox da asan olmur. Məşq günü döyüşçünün bədənində çoxlu sayda əziklər, göyərtilər və əzələ dartılmaları ilə başa çatır. Sumoçunun ayağının altı qan axana qədər siyrilir. Fiziki əziyyət heç də ağır sınaq sayılmır. Gənc idmançının məktəbdəki həyatı birinci il hərbi xidmətdə olan əsgərin həyatına bənzəyir. Gənc atlet praktiki olaraq heç bir hüquqa malik olmadığı halda, onun üzərinə qoyulan vəzifələr olduqca çoxdur. Bu sıraya otağın səliqəyə salınması, yeməyin hazırlanması, böyük yoldaşlarının paltarlarının yuyulması və müxtəlif cür buyruqların yerinə yetirilməsi daxildir. Tapşırıq və əmrlər sözsüz yerinə yetirilməlidir. Bu cür çətinliyə hər adam dözə bilmir. Buna görə də otağın sakinləri tez-tez yeniləşir.
Cənc sumoçuların taleyinin əsaslı dəyişməsi yalnız dzyure dərəcəli döyüşçü olandan sonra baş verir. Aşağı səviyyəli döyüşçülər yalnız sabit maaş almaqla və yarışlarda uğurla çıxış etdikdə cüzi mükafatla kifayətlənirsə, yüksək səviyyəli döyüşçülər aldığı mükafatlardan bəhrələnərək özləri üçün gözəl həyat təmin edirlər.
və sağlam olur
Yalnız makuuti və dzyure elit divizionlarının 70 güləşçisi Sumo Assosiasiyasından aylıq məvacib alır. Əmək haqqı olduqca yüksəkdir. Yaponiyada aylıq orta əmək haqqı 250-300 iyen (2000-2400 dollar) olduğu halda, dzyure kateqoriyalı rikisi ayda 1036000 iyen ( 8300 dollar), sıravi maeqasira 1309000 iyen (10500dollar), komusubi və sekivake 1693000 iyen (13500 dollar), ozeki 2347000 iyen (19800 dollar), yokodzuna isə 2820000 iyen (22700 dollar) məvacib alır. Bundan əlavə, döyüşlərdə qələbə qazanan idmançılara sponsorlar xüsusi olaraq qiymətli hədiyyələr və mükafatlar verirlər. Ən dəyərli və qiymətli uğur yokodzuna-kinbosi (qızıl ulduz) üzərində qələbədir. Bu qələbəni əldə edən rikisi idman karyerası ərzində 40 min iyen (5 min dollar) əlavə maaş alır. Məsələn, Toçinonada böyük çempionlarına 12 dəfə qalib gəlməklə öz hesabına 480 min iyen (5 min dollar) əlavə edib.
Heç də təəccüblü deyil ki, adlı-sanlı rikisiləri qibtə ediləcək nişanlı sayırlar. Onlar tanınmış aktrisalar, top modellər, bir sözlə, olduqca gözəl xanımlarla evlənirlər. Sumoçu ailəsi çox möhkəm və sağlam olur.
Beləliklə, rikisinin həyatı çox da ağır və bədbin keçmir. Buna baxmayaraq, sumoçunun həyatı qalmaqalsız və sakit keçir. Bütün bu uğurların və gözəl həyatın arxasında güləşçinin illərlə ağır məşqlərdən ibarət ağır əməyi və pəhləvana layiq səbri durur.
Sumo ierarxiyası
Rikisi- pəhləvan
Sanyaku- komusubi-sekivake-ozeki döyüşçülərini birləşdirən simvolik kateqoriya
Dzyonokuti-sumoda ilk kateqoriya
Dzyonidan- sumoda 5-ci kateqoriya
Komusubi-sumoda 4-cü ierarxiya
Sandame-4-cü kateqoriya
Makusita- sumoda 3-cü kateqoriya
Sekivake- sumoda 3-ierarxiya
Ozeki -sumoda 2-ci ierarxiya
Dzyure - elit dərəcə,sumoda 2-ci kateqoriya
Yokodzuna- böyük çempion, sumo iearxiyasında ən ali titul
Makuuti- maeqasira və yokodzuna döyüşçülərini birləşdirən ali kateqoriya
Oyakata- məşqçi -müəllim
Anar Əhmədov