Sumoçu qadın

Sumoçu qadın

Mobil İSMAYILOV

 



...Sankt-Peterburqdan gələnlər Dinaranı fikrindən döndərə bilməyəcəklərinə əmin olduqdan sonra tədbirin baş tutması üçün bütün variantlara əl atdılar. Əvvəlcə pul məbləği artırıldı. Əlavə həvəsləndirici vədlər verildi. Cəhdlərinin faydasız qaldığını görən İqor və Rəşid Bakıdakı əlaqələrindən istifadə edərək müxtəlif yollarla Dinaraya təsir etməyə başladılar. Nəhayət, görüşün keçirilməsində maraqlı olan yüksək səlahiyyətli idman və federasiya rəsmiləri Dinaranı inadından döndərə bildilər. Yarışdan əvvəl Dinara qaydalara uyğun olaraq mətbuat konfransında televiziya kanallarına müsahibə verərək bildirdi:
- Həyat inanılmaz dərəcədə sürprizlərlə, qəribəliklərlə doludur. Mən yarışlardan ayrılmağa söz vermişdim. Bu günə qədər də əməl edirdim. Budur, yenə qayıtdım. Ancaq media qarşısında, efirdə axırıncı dəfə deyirəm ki, səbirsizliklə gözlədiyiniz döyüş həm də mənim son, vida çıxışımdır.
Kişi idmançı isə nədənsə ənənəni pozaraq, media qarşısına çıxmaqdan və müsahibə verməkdən imtina etdi.
Dinaranın razılıq verməsindən layihə müəllifləri çox məmnun görünürdülər. Yeni reklam vasitələri işə salındı. Satılmamış bir bilet belə qalmadı.
Gözlənilən yarış saatı gəlib çatdı. Adi etika və yazılmamış döyüş qaydalarını pozaraq qadınla rinqə çıxdığına görə Dinarada rəqibinə qarşı nifrət hissi yaranmışdı. Dərhal irəli atılan Dinara şou proqram görüntülərini unudub, rəqibini çətin vəziyyətlərə salmağa başladı. Adətən döyüşə çıxan idmançı sərt davranır, acıqlı görünür. Amma kişi idmançı yorğun, həvəssiz təsir bağışlayırdı. Hərəkətləri də nizamsız idi. O, mübarizə halında olmadığını açıq-aydın büruzə verir və daim hərəkətdə olan qarşısındakı qadının üzünə baxmırdı. Dinara həmin şəxsin daxilində də bir kədər, qayğı sezdi. O, ən azından tamaşaçılara görə rinqdə heç olmasa süni əzmkarlıq cəhdləri, emosional gərginlik görüntüləri belə nümayiş etdirmədi. Qonaq idmançı sanki vaxtın nə vaxt bitəcəyini gözləyirdi. Hər bir halda Dinara asanlıqla rəqibinə qalib gəldi. Əslində belə təsəvvür yarandı ki, kişi idmançı sadəcə döyüşmək istəmədi.
Hakim gənc qadının qələbə çaldığını elan etdikdən sonra Dinara astaca rəqibinə yaxınlaşıb hirsli tərzdə dedi:
- Utanmadınız qadına qarşı rinqə çıxdınız? Bu hərəkətiniz nəinki idman, sumo qaydalarına, həm də əxlaq, şərəf prinsiplərinə ziddir. Özünüzü də alçaltdınız, məni də.
- Zalı tərk etməmişdən əvvəl mənim üçün ayrılmış otağa gəlməyinizi xahiş edirəm, - deyə məğlub olmuş idmançı çətinliklə eşidiləcək səslə cavab verdi.
Dinaranı maraq götürdü. Təntənəli bağlanışdan sonra banket nəzərdə tutulmuşdu. Qalibi birinci təbrik edən İqor oldu.
- Əhsən, Dina! Əfsanə özünü kişi döyüşçü ilə də doğrultdu.
- Beynəlxalq arenada iz qoymuşdun. Bu da yeni imza! - deyə, Rəşid də öz təbrikini bildirdi.
Arvadını qucaqlayıb bağrına basan Ruslan isə heç nə demədi.
Daha sonra Dinara yaranmış fasilədən istifadə edərək qonaq idmançının otağına keçdi. Hər ikisi cangüdənlərinə dəhlizdə gözləməyi tapşırdılar.

- Mənim fantastik vaxtlarım olub. Yəqin ki, bilməmiş deyilsiniz. Amma tale mənimlə sərt rəftar elədi. Səninlə döyüşə razılıq verənə qədər, elə rinqdə də dəfələrlə ölüb-dirildim. Lakin məcbur idim. Çarəsizlik, ehtiyac məni boğurdu. İnamsız mübarizə aparmağımı çox güman ki, hiss etdin. Bəlkə də hamı gördü. Heç əməlli-başlı görüntü də yarada bilmədim. Bacarmadım. Halbuki, kino çəkilişi gedirdi. İki dəfə gözlərimdən əməliyyat keçirmişəm. Görmə qabiliyyətim bərpa olunmayıb. Çox pis görürəm. Əslinə qalsa, bir gözüm sünidir. İndi necə deyərlər, Terminator kimi bir gözümlə görürəm. Düzünü deyim ki, kor kimiyəm. Bir böyrəyim də yoxdur. Üçüncü əməliyyata hazırlaşıram. Səhhətimdə başqa problemlər də var. Sadəcə pula hədsiz ehtiyacım yaranmışdı. Ona görə də bu xoşagəlməz addımı atdım, - deyə, yaxın keçmişin tanınmış idmançısı söhbətə özündən başladı.
- Xoşagəlməz addım yumşaq sözdür. Axı, sənin unudulmaz idman tərcümeyi-halın olub, yaddaşlarda, xatirələrdə qalmışdın. Bu hərəkətinlə bütün keçmişinin üstündən birdəfəlik xətt çəkdin. Ayrı variant tapa bilməzdin?
- Mən heç vaxt qadınla qarşılaşmanı ağlıma belə gətirə bilməzdim. Ümumiyyətlə, qadınların qaydasız döyüşlə məşğul olmasını qəbul etməmişəm. Həyatın ironiyasına bax. Qadınla üz-üzə gəldim. Mənim indiki durumumda kişi ilə rinqə çıxmağıma pul verən tapılmazdı. Qadınla döyüşmək isə yenilikdir, sensassiyadır, qeyri-adi reklamdır. Ona görə də bu təşəbbüsə bir neçə sponsor qoşuldu. Lazım olan məbləğ qısa bir zamanda toplandı. Həm bizə, həm də kino çəkilişinə. Bax, belə! Bağışlayın məni...
Söhbət əsnasında Dinaradan əlavə bir neçə kəskin sözlər eşidən kişi idmançı qəflətən əsəbləşdi.
- Bəs, sən niyə kişi ilə döyüşməyə razılıq verdin? Deməli, tamah güc gəldi. Yoxsa, ssenaridən də xəbərin yoxdur? Əgər maraqlanmayıbsansa, lap pis. Özü də bayaqdan idmançı şərəfindən, ləyaqətindən danışırsan. Dünya, Avropa çempionu, titullu idmançı, məşhur sumoçu qadın az qala kor vəziyyətində olan kişi ilə niyə rinqə çıxdı? Sənin ki, pula ehtiyacın yox idi. Sumoçu qadına bir bax. Belə çıxır ki, sumonun tarixini dərindən öyrənməmisən. Hərçənd ki, əvvəllər şikəst kişilərin qadınlarla döyüşünə icazə verilib. Həm də səndən fərqli olaraq mən kinonun ssenarisi ilə tanışam. Deyəsən əxlaqsız sumotorilər barədə də məlumatın yoxdur. Acı da olsa deməliyəm ki, əxlaqsız sumotorilər bir-biri ilə qarşılaşmadan savayı əlil kişilərlə də mübarizə apara bilərdilər. Hə, indi, gedib sumonun tarixinə yenidən nəzər salarsan. Əgər həvəsin yoxdursa, kömək edə bilərəm.
Dinaranın halının dəyişdiyini görən qonaq idmançı sakitləşmək əvəzinə kinayəli sözlərinə davam etdi.
- Ya da sən niyə əziyyət çəkib internetdə hansısa ikrah doğuran mənbələri axtarmalısan. Qalib idmançının indi başı qarışıq olacaq. Mənim telefonumda var. Sənin özünün baxmağın yerinə düşər.
Dinaranın rəngi ağarmışdı. Buna baxmayaraq telefonu alıb yazıları oxumağa başladı.
“...Əxlaqsız sumotorilər müştərilərin üstündə bir-biri ilə vuruşa bilərdilər. Özü də sumo qaydaları əsasında. Savaşlar qırmızı fonarlar kvartallarında təşkil olunarmış. Belə qadınlara ancaq kor və əlil kişilərlə mübarizə aparmağa icazə verilirdi. Çünki gözləri görən, sağlam kişilərin qadınlarla bu cür səhnələrdə üz-üzə gəlməsi biabırçı hadisə olmaqla böyük şərəfsizlik hesab edilirdi...”
Birdən Dinara əsməyə başladı və telefonu yerə tulladı. Daha sonra qapını çırpıb ərinin və qonaqların olduğu otağa qaçdı. Ruslan öz qonaqları ilə viski içə-içə şən halda danışıb gülürdülər.
- Sumonun tarixindən xəbərdar olan bir alçaq, əclaf kimi yalnız əxlaqsız qadınların əlil kişilərlə döyüşə girmələri sənə bəlli imiş. Niyə məndən gizlətmisən? Gör, məni nələrə vadar etdin? Arvadını bədnam sumoçuya çevirməyin qalsın bir yana, üstəlik xəstə, şikəst, kor kişi ilə də döyüşdürdün. Məni hərtərəfli rüsvay etdin. Hələ ssenaridə nələr var, bilmirəm, - deyərək Ruslanın üstünə şığıdı və başını, sifətini yumruqlamağa başladı. Bir anın içində qan götürdü ərini. Ruslanın qaşı partladı, burnu sındı. İqorla Rəşid çaşıb qalmışdılar. Bu zaman Dinara İqorun üstünə cumdu və onu yerə sərdi. Dayanmadan əlinə keçən nə varsa, hamısını İqorun başına yağdırdı. Vazadan, kül qabından, şüşə əşyalardan özünü qorumağa macal tapmayan İqorun da başını, sifətini qan bürüdü. Özünü itirən, heç nə anlamayan Rəşid otaqdan çıxıb qaçmaq istərkən, idmançı qadının fənd işlətməsindən sonra üzü üstə yerə yıxıldı. Qalxmasına imkan verməyən Dinara onu da təpikləməyə başladı. Ardıcıl olaraq hər üçünə yönələn yumruq, təpik zərbələri, eləcə də sakitləşməyən qadının otaqdakı gecə çılçıraqlarını, kresloları, hətta mini bar soyuducusunu onlara tərəf tullaması sanki bəzi kino-filmlərdə rast gəlinən epizodları xatırladırdı. Səs-küyə içəri daxil olan cangüdənlər və kənar şəxslər Dinaranı güclə saxlaya bildilər...
...Dinara isə içindəki qəzəbi göz yaşları ilə dayandıra bildi. Sumoçu qadın elə göz yaşları ilə də binanı tərk etdi...