Sumoçu qadın

Sumoçu qadın

Mobil İSMAYILOV

(əvvəli)

Bir dəfə Ruslan əlverişli təklif ilə bağlı Dinaraya Sankt-Peterburqdan qonaqların gələcəyini bildirdi. Lakin Dinara ərinin məlumatını könülsüz qəbul etdi. Nəzərdə tutulan gündə Ruslan qonaqları qarşılayıb şəhərkənarı villasına gətirdi. Gələnlər iki nəfər idi. Onlardan birini ər-arvad tanıyırdı. Moskvada keçirilən turnirdə tanışlıqları yaranmışdı. İqor adlı “Şərq-Qərb” əlbəyaxa döyüş klubunun sahibi olan həmin şəxs qadınlar arasında qaydasız döyüşlər üzrə yarışlarda səriştəli mütəxəssis kimi ad-san çıxarmışdı.
- Mənimlə gələn dostumu Piterdə demək olar ki, tanımayan yoxdur. Rəşid gecə klubları, restoranlar şəbəkəsinə malikdir. Şəhərdə ən böyük kazino ona məxsusdur - deyə, İqor birgə gəldiyi şəxsi təqdim etdi. Və əlavə etdi ki, sizin müsəlman qardaşınızdır, amma azərbaycamlı deyil. Söhbətləri alınsa, Rəşid bizə sponsorluq edəcəkdir.
Sonra İqor gəlişlərinin məqsədini açıqladı.
- Cənubi Amerikada qadınlar arasında qaydasız döyüş üzrə qeyri-adi yarışlar təşkil olunur. Moskva turnirinin axırıncı qalibi kimi Dinanı okeanın o tayına aparmaq qərarı vermişik. Piterli qızlar keçən səfərimizdə uğursuzluğa məruz qaldılar. Ona görə də bu dəfə Dinanın üzərində dayanmışıq. Cənublu çempiona güvənirik. Düşünürük ki, o, bizim ümidlərimizi doğrulda bilər. Ötən il Boliviyada olmuşduq. Bu dəfə də səfərimizi həmin ölkəyə planlaşdırırıq. Bakılı çempion tək olmayacaq. Heyətə bir neçə idmançı daxil etmişik.
Bayaqdan diqqətlə qulaq asan Dinara cavabını ləngitmədi.
- Əvvəla, mən heç vaxt qaydasız döyüşlərdə iştirak etməmişəm. Bizim klub qadın sumosu ilə məşğul olur. Qızlarımız da indi əsasən şou-proqramlar göstərir. Moskvadakı turnir də əslində şou xarakteri daşıyırdı. Adını çəkdiyiniz ölkədə iştirakçılar şübhəsiz ki, peşəkardırlar. Digər tərəfdən də hər bir halda yarışın ünvanı mənim bilmədiyim sahə, uzaq ölkədir, ora heç kim gəzməyə getmir. Qorxuram ki, sizin gözləntilərinizi reallaşdırmayam. Bir sözlə, mənim üçün çətin olar.
- Sən əla idmançısan, Dina. Video-görüntülərin hamısına baxmışıq. Keçmişini də nəzərə alsaq, əsl peşəkar sənsən. Qarşında heç kim duruş gətirə bilməz. Turnirin adının qaydasız döyüşlə bağlı olması isə əslində simvolik məna daşıyır. Orada döyüşün bütün növləri qarışır bir-birinə. Kim nəyi bacarırsa, bildiklərini də tətbiq etməyə çalışır. Yəni, necə deyərlər, belə yarışların janrı olmur. Sadəcə, sənə bir neçə həftəlik məşqlərlə qaydasız döyüş idman növünün xüsusiyyətlərini mənimsəmək lazım gələcək, vəssalam.
- Yeri gəlmişkən Boliviyada keçirilən turnirlərin fərqli cəhətlərini də bilmək vacibdir, - deyə Rəşid söhbətə qoşuldu. Bu ölkədə qadınlar arasındakı yarışlar çox populyardır. Döyüşlərdə daha çox 50 yaşdan yuxarı qadınlar iştirak edir. Əlbəttə, bu nisbi amil yerli idmançılara aiddir. Ənənəvi hindu geyimlərində yarışlara qatılan qadınlar elə hindular kimi də döyüşürlər. Onlar yaşlarına uyğun olmayan cəldliklə bir-birinin üzərinə atılır, sanki rinqdə uçurlar. Bəzən elə olur ki, rəqibi bərk itələyib tamaşaçıların üstünə aşırırlar. Elə sumoda olduğu kimi. Bu, artıq tam qələbə sayılır. Amansız, qanlı döyüşlərə də təsadüf edilir. Amma yerli idmançılar istəkli görünsələr də, kortəbii mübarizə aparırlar. Onların əksəriyyəti fəndlərdən xəbərsizdir. Bax, burada bizim Dinanın böyük üstünlüyü yaranacaq. Eyni zamanda şou məzmunlu döyüşlər də təşkil olunur. Təbii ki, proqramları yerində dəqiqləşdirəcəyik.


- Bu tip yarışlar şirkətlərə reklam müqavilələri bağlamağa imkan verir. Ona görə də ortaya böyük pullar qoyulur. Özünü sına, bizim çempion. Xoşbəxtlik açarı artıq sənin əlindədir, - deyə, İqor əlavə etdi.
- Mən fikirləşməliyəm. Qərarımı sabah bildirərəm - deyə, Dinara qayğılı halda cavab verdi.
Ruslan qonaqları hotelə yerləşdirib, qayıtdıqdan sonra təkliflə bağlı xeyli söhbət etdilər.
- Ruslan, indi bizim hər şeyimiz var. Özü də artıqlaması ilə. Şəhərin mərkəzində təmirli mənzillərimiz, dənizin sahilində villamız, bahalı maşınlarımız. Hətta çətinlik çəkmədən istənilən xarici ölkədə də yaşaya bilərik. Söhbət böyük pullardan getsə də, daha belə layihələrə qoşulmaq istəmirəm. Ümumiyyətlə, aktiv idmandan aralanmaq fikrindəyəm. Yarışlar məni yorub. Bundan sonra rahat həyat yaşamaq arzusundayam. Gəl, gəzib-dolaşaq bu dünyanı. Cənubi Amerikaya da turist kimi gedək.
Arvadının israrla inadkarlıq göstərməsinə baxmayaraq bütün gecəni Ruslan Dinaranı dilə tutub nəhayət, onu yola gətirdi. Sumoçu qadın həvəssiz halda razılaşmağa məcbur oldu.
Bir neçə gündən sonra onlar qonaqlarla Sankt-Peterburqa, oradan da Boliviyaya uçdular.
Turnirə müxtəlif ölkələrdən idmançılar gəlsə də, Cənubi Amerikadan olan qadınlar sayca üstünlük təşkil edirdi. Reqlament, qaydalar təsdiqləndi. Şərtlər belə müəyyənləşdi ki, əvvəlcə idmançılar arasında qarışıq formatda qaydasız döyüş üzrə çempionat keçiriləcək. Daha sonra birinciliyin qalibləri şou-proqram xarakterli nümunəvi yarışlara qoşulmalı olacaqdı.
Yerli idmançıların bədən quruluşu və geyimi seçilirdi. Əksəriyyəti orta yaşlı olan qadınların hamısı iri bədənli, əzələli idi. İdmançılardan nazik paltarda döyüşə çıxmaq tələb olunurdu. Hindulara xas milli geyimdə olanlara da təsadüf edilirdi. Yarıçılpaq vəziyyətdə döyüşə çıxmağa icazə verilmirdi.
Sakit keçən qarşılaşmalar da oldu, gərgin mübarizələr də. Vaxtından əvvəl qan içində rinqi tərk edənlərə də rast gəlindi.
Belə bir turnirdə ilk dəfə çıxış etməsinə baxmayaraq, bütün görüşləri inamla keçirən Dinara baş mükafatı qazanmağı bacardı. Amma bu dəfə zədələrdən yayına bilmədi. Yerli idmançılar rinqdə özlərini çox aqressiv aparır, rəqibə xəsarət yetirməkdən çəkinmirdilər. Dinara yeganə gəlmə idmançı oldu ki, axıra qədər tab gətirdi. Yalnız mükafatçıların iştirak etdiyi şou xarakterli çıxışlara qatılan Dinara burada da fərqlənərək böyük pul məbləği əldə etdi.
Sankt-Peterburqa qayıtdıqdan sonra qalib sumoçu onunla gələcəkdə də əməkdaşlığı davam etdirmək istəyində olan şirnikləşmiş İqora və Rəşidə daha hər hansı bir yarışa qoşulmayacağını bildirdi. Ərinə də incikliyini çatdıraraq, idman karyerasını bitirdiyini elan etdi.
Günlər, aylar ötdü. Ruslan yeni pullarla böyük sağlamlıq kompleksi açdı. Maddi durumu aşıb-daşan Ruslan tədricən həyat tərzini də dəyişdi. Sərxoş vəziyyətdə evə gec gəlməsi adət halını almağa başladı. Başqa yerlərdə yatıb qaldığı gecələrin də sayı artırdı. Dinara hətta onun narkotik vasitələrə qurşandığını da hiss edirdi. Ruslanın hərəkətlərinə dözə bilməyən Dinara əri ilə sərt danışmaq məcburiyyətində qaldı.
- Mən sənə görə hər şeyə getmişəm. Lənətə gəlmiş sumoya baş qoşandan sonra əzablı, acınacaqlı həyatım başladı. İndiyə qədər üstünü vurmamışam. Barışmalı olmuşam. Budurmu, mənə verdiyin dəyər?! Məni tamahının qurbanına çevirdin. Təki pul gəlsin. Hətta zallarda mənə söz atanlara, rinqdə plastik pivə qabları tullayanlara, hotel nömrələrinə soxulmağa cəhd edənlərə, sərxoş tamaşaçıların, fanatların digər murdar hərəkətlərinə həmişə göz yummusan. Barlara, striptiz klublara getməkdən yorulmadın? İstədiyin kimi gəzirsən, kef edirsən. Başa düşürəm, daha məni bəyənmirsən. İndi səni modellər maraqlandırır. Özünə geydirdiyin xomutdan azad olmaq istəyirsənsə, mənə açıq de. İstənilən vaxt ayrıla bilərik. Görünür, daha mənə ehtiyacın yoxdur. Mənim həyatım sənsiz də rəngarəng ola bilər. Əlbəttə, qadına həmişə köməkçi lazımdır. Elə mənə də. Amma sənin kimisi yox. Sonuncu dəfə xəbərdarlıq edirəm. Ya özünü normal aparıb kökündən dəyişməlisən, ya da ...
Ruslan Dinaranı itirmək istəmirdi. Bir müddət o, zərərli, xoşagəlməz vərdişlərindən qismən əl çəkib əvvəlki sakit həyatına qayıtmağa çalışdı. Lakin yenə də gizlincə öz əyləncələrindən qalmırdı.
Aradan bir xeyli vaxt keçdi. Ruslan növbəti dəfə Dinaraya yenə də təəccüb doğuran bir xəbər çatdırdı.
- Piterdəki tanışlarımız yeni, olduqca sərfəli proyekt təklif edirlər. Onlar ya Moskvada, ya da burada sənin kişi idmançı ilə döyüş görüntüsü yaradan, faktiki isə şou xarakterli qarşılaşmanı təşkil etmək istəyirlər. Qaydalar çox münasibdir. Sənin rinqə çıxmağın yalnız zahirən yarış təəssüratını göstərəcək. Məbləğ yüksəkdir. Əslinə qalsa, bizim üçün fantastikdir. Şərti qalib altmış faizə yiyələnəcək. Sumo ilə qaydasız döyüş elementləri birlikdə tətbiq oluna bilər. Yəni orijinal bir görüş düşünüblər. Əsas məqsəd isə film çəkməkdir. Dediklərinə görə seçdikləri idmançı əvvəllər güclü döyüşçü olub. Boksda, qaydasız döyüşdə çoxlu titullar əldə edib. Sumodan da anlayışı var. Yəqin ki, üzə çıxanda, tanıyacağıq. Səhhətində problemlər yarandığından yarışlardan uzaqlaşıb. Sponsorları da özləri tapıblar. Bizə yalnız razılıq vermək, bir də təşkilat məsələlərini həll etmək qalır.
- Mən nə onları, nə də səni anlaya bilmirəm. Yenə bu əcaib fikir haradan başınıza girib?! Mən artıq birdəfəlik qərarımı vermişəm. Film çəkmək istəyirlər,qoy aktrisalara müraciət etsinlər. Yaxud, başqa idmançı qadın axtarsınlar. Nə çoxdur arzusunda olan qadınlar. Bircə kişi ilə döyüşməyim qalmışdı.
- Onlar bilet alıblar, sabah Bakıya gəlirlər.
- Təcili məlumat ver ki, əziyyət çəkməsinlər. Alınan iş deyil.
- Söhbət əlverişli proyektdən, böyük puldan gedəndə kiminlə döyüşmə görüntüsü yaratmağının nə fərqi var ki?
- Gör, pul gözünü necə tutub. Sən özün necə rəva görürsən ki, arvadın kişi ilə rinqə çıxsın?
Ruslanın ani olaraq fikrə getdiyini görən Dinara sözlərinə davam etdi.
- Əvvəla, sən bilirsən ki, klassik sumo ənənələrinə görə kişi qadınla yarışa bilməz. Sumoçu kişinin qadınla döyüşməsi hələ qədim zamanlardan böyük şərəfsizlik sayılıb. Bundan başqa, o, necə məşhur idmançıdır ki, qadınla döyüşməyə razılıq verib. Lap görüntü yaratsa da belə. Yəqin, ağlı yerində deyildir.
Dinara Ruslanı tənbeh etməkdə ara vermir, əri isə susurdu. Axır ki, Ruslan dilləndi:
- Eh, Dina, sən keçmişdən danışırsan. İndi dünya dəyişib. Ortadakı puldan xəbərin yoxdur. Gəl, şansımızı qaçırmayaq. Axırıncı dəfə razılaş, yalvarıram.
- Deməli, bayaqdan mənim sözlərim boş-boşuna havaya gedir. Görəsən, sən niyə mənəvi dəyərlərdən uzaq düşdün, Ruslan? Əvvəllər sən belə deyildin. Axı, azərbaycanlılar milli ənənələrə, adətlərə ciddi əməl edirlər. Sənin əsl azərbaycanlı olmağına şübhəm yaranır.
Ruslan daha heç nə demədi. Ər-arvadın söhbəti bitdi.

(ardı var)