Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə yaradılan “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub. Görüşdə federasiya prezidenti Mahir Məmmədov, baş katib İlahə Qədimova, Azərbaycan yığmasının üzvü üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, bacıları – beynəlxalq qrosmeysterlər Zeynəb və Türkan Məmmədyarovalar, atası Həmid Məmmədyarov iştirak ediblər.
“Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri, beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova yaradılan şərait barədə məlumat verərək bildirib ki, burada eyni zamanda 30 uşaq şahmatla məşğul ola bilər. Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dillərində tədris olunur. “Məmmədyarovlar” şahmat məktəbinin əsas məqsədi uşaq və yeniyetmələrə şahmatın sirlərini tədris etmək, gələcəkdə yığmada çıxış edəcək istedadlı şahmatçıların üzə çıxarılaraq yetişdirilməsinə dəstək olmaqdır.
Şahmat məktəbində yaradılan şəraitlə tanış olan nazir uşaqların hazırlığı ilə maraqlanıb. Fərid Qayıbova məktəbin yetirmələrinin ilk uğurları barədə məlumat verilib. Bildirilib ki, “Məmmədyarovlar” məktəbinin yetirmələri aşağı yaş qrupları üzrə respublika birinciliklərində uğurla çıxış edirlər.
Söhbət zamanı qarşıdakı planlar və məktəbin fəaliyyətinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sonda gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova xatirə plaketləri tədqim olunub.
“Məmmədyarovlar” şahmat məktəbi Azərbaycanın tanınmış şahmat ailəsi Məmmədyarovların adı ilə bağlıdır.