Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında budo üzrə ölkə birinciliyi keçirilib. Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən federasiyanın prezidenti Faiq Rəfiyev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və Astara Olimpiya Kompleksinin direktoru, Əməkdar məşqçi Aslan Ağayev Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də inkişafı diqqət mərkəzindədir.
Sonra yarışa start verilib. İdmançılar budonun full, fri və grempig növləri üzrə mübarizə aparıblar.
Yekun nəticələrə görə, Əlisəfər Əmirov (15-16 yaş, 52 kq), Orxan Rüstəmov (15-16 yaş, 60 kq), Bəylər Əsədov (13-14 yaş, 52 kq), Siyasət Bayramov (15-16 yaş, 48 kq), Hüseyn Tağızadə (11-12 yaş, 40 kq), Tofıq Hacızadə (10-11 yaş, 30 kq), Asif Atakişiyev (15-16 yaş, 60 kq), Səxavət Mürşüdzadə (14-15 yaş, 60 kq) budonun müxtəlif növlərində qalib olublar.
Çempionatda Azərbaycanın müxtəlif bölgələrindən 150 idmançı iştirak edib. Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Yarışda mükafatalayiq yer tutan idmançılar bu ilin aprelində Ukraynada keçiriləcək Avropa birinciliyinə və çempionatına vəsiqə qazanıblar.