Avropa Boks Konfederasiyası yeni mövsümdə keçiriləcək yarışlarının təqvimini açıqlayıb

Avropa Boks Konfederasiyası yeni mövsümdə keçiriləcək yarışlarının təqvimini açıqlayıb

Avropa Boks Konfederasiyası 2022-ci ilin yarışlarının təqvimini açıqlayıb. Bu il bir dünya və altı Avropa çempionatı keçiriləcək. Dünya çempionatı yalnız qadınlar arasında baş tutacaqsa, qitə miqyaslı 6 müxtəlif turnir kişilər, qadınlar, U-22, gənclər, yeniyetmələr və məktəblilər arasında təşkil ediləcək. Belə ki, martın 11-24-də Xorvatiyanın Poreç şəhərində gənclər arasında U-22 Avropa çempionatı keçiriləcək. Bir ay sonra gənclərin Avropa çempionatı (10-22 aprel) Bolqarıstanın Sofiya şəhərində baş tutacaq. Qadınlar arasında dünya çempionatına mayın 6-21-də İstanbul ev sahibliyi edəcək. Həmin ay kişilər arasında qitə çempionatı (21-31 may) Ermənistanda baş tutacaq. Qadınlar arasında analoji yarış isə iyulun 21-31-də Ulan-Udedə (Rusiya) keçiriləcək.

Türkiyədə (Ərzurum) daha bir qitə yarışı - məktəbli oğlan və qızlar arasında təşkil ediləcək (10-31 avqust). Nəhayət, ilin son yarışı yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində baş tutacaq.