Bu gün Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsvermə nəticəsində Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.
Tədbirdən sonra keçirilən mətbuat konfransında Sahil Babayev federasiya prezidenti seçilməsində ona göstərilən etimada görə minnətdarlığını bildidirb.
O qeyd edib ki, Azərbaycanın bütün idman növlərinə geniş dəstək verilib: "Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev uğurlu şəkildə davam etdirir. Son 15 ildə Azərbaycan idmanı beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana verdiyi dəstəyin bariz nümunəsidir. Bu idman növü Azərbaycanda böyük ənənələrə malikdir. Olimpiya medallarına baxanda boks ikinci sıradadır. Azərbaycan boksu və federasiyanın əvvəlki rəhbərliyi kifayət qədər böyük uğurlar əldə edib. Boksçular hər zaman uğurlu çıxış ediblər".
S.Babayev idmançılar, məşqçilərimiz və federasiya əməkdaşları ilə birlikdə boksun daha da inkişaf etməsi üçün işləyəcəklərini diqqətə çatdırıb: "Biz bu sahədə fəaliyyətimizi daha da inkişaf etdirməliyik. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında boksun məşhurluğunu artırmaq üçün müxtəlif işlər görməliyik. İstedadlı idmançıları daha da peşəkar şəkildə hazırlıqlara cəlb etməliyik. İdmançıların yarışlarda daha aktiv iştirakı ilə bağlı tədbirlər görməliyik. Azərbaycan regionlarında və Bakıda boksa maraq böyükdür. Bunu daha kütləvi şəkildə etməliyik".
Sahil Babayev federasiyanın qarşıdakı hədəfləri barədə də məlumat verib. Onun sözlərinə görə, qarşıdakı hədəfləri bir neçə istiqamətə bölmək olar: "Qısa müddətli cari ildəki yarışlarda Azərbaycana medallar qazandırmaq istəyirik. Orta müddətli hədəfə gəlincə, Paris olimpiadasına çox vaxtımız yoxdur. Burada da hədəf medallar gətirməkdir. Uzunmüddətli hədəflər isə yeni gənc boksçu nəslinin yetişdirilməsidir. Bunun üçün seleksiyalar həyata keçirilməli, yeni gənc hakim nəslin üzə çıxmasına çalışmalıdır. Bu hədəflərin altında da çoxsaylı planlar olacaq".
S.Babayev Azərbaycanda yaxşı boks infrastrukturunun mövcud olduğunu sözlərinə əlavə edib: "Amma əhali arasında potensialı nəzərə alaraq, bu infrastrukturu genişləndirməliyik. Beynəlxalq arenada da əlaqələri genişləndirmək lazımdır".
S.Babayev mətbuat konfransında bildirib ki, haqsızlıqlar təkcə boksda yox, digər növlərdə də olur: "Bəzən ədalətsiz qərar çıxanda dərin təəssüf hissi keçirmişəm. 2015-ci ildə Boks Mərkəzinin açılışı zamanı ölkə başçısı da bildirmişdi ki, hakim ədalətsizliyi ilə üzləşirik. Haqsızlıqla üzləşmişiksə, bunun hüquqi addımları olmalıdır. Məsələnin sistemli həlli üçün müxtəlif müzakirələrdə iştirak edəcəyik".
Sahil Babayev boksa olan marağından da danışıb: "Bu sahədə biliklərim həvəskar sahədədir. Boksçularımızı izləyənlərdən biri olmuşam. Bundan sonra daha ciddi və peşəkar səviyyədə bu məsələ ilə məşğul olmağa başlamışam. Boksçularımızın əksəriyyətinin döyüşlərinə gənc yaşlarımda baxmışam və uğurlarına sevinmişəm".
Federasiya prezidenti həmçinin boksçularımızın İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı məsələsinə də toxunub.
O bildirib ki, yeni seçilmiş rəhbər olaraq baş məşqçi, məşqçilər korpusu və idmançılarla geniş müzakirələr aparacaqlar: "Azərbaycan boksu üçün xeyirlisi nədirsə, o addımları atacağıq. Boksçularımız istənilən yerdə və istənilən rəqiblə görüşlərdə qələbə qazanmağa hazırdır. Hər bir boksçumuz istəyər ki, həmin yarışda qələbələr qazansın. Məşqçi heyəti ilə qiymətləndirməni aparacağıq və bundan sonra qərar verəcəyik. Yekun qərar idmançılardan və məşqçilərdən asılıdır".
Qeyd edək ki, Avropa çempionatı bu il 21 - 31 mayda keçirilməlidir.
Sahil Babayev Azərbaycan Boks Federasiyasının hədəflərini açıqladı